Rəşad Sadıqov: "Gözüyaşlı gedirlər ki ayrılmaq istəmirik" MÜSAHİBƏ

Bu gün 20 yaşadək futbolçulardan ibarət milli komandamız yoxlama oyunu çərçivəsində Makedoniya ilə 1:1 hesablı heç-heçə edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra yığma komandamızın çalışdırıcısı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

 

- İki fərqli hissə gördük. İlk hissədən fərqli olaraq, fasilədən sonra millimiz müdafiədən oynadı.

- Müdafiədə oynamaq məcburiyyətdən irəli gəlirdi. Rəqib sürəti artırmışdı. İkinci hissəyə pis başlamamışdıq. Makedoniya yığması hücumların kəsərini artırmışdı. Sürətli oynadıqları üçün müdafiədən başladıq. Rəqibimiz olduğu üçün tərifləmək istməzədim, amma çox yaxşı komandadırlar. Avropanın 10-15 yaxşı komandalarından biridir. Belçika və İsveçrəni məğlub etmişdilər, elit raundda isə İngiltərə üzərində qələbə qazanmışdılar. Mənə çox xoş oldu ki, belə komanda ilə qarşılaşdıq. Uşaqlar bərkisinlər, sürətli oyun görsünlər. İstəyim budur. Daha yaxşı nəticələr əldə etmək və uğur qazanmaq istəyiriksə, inkişaf etməliyik.

 

- Bu qarşılaşmanı Gürcüstanla oyunla müqayisə etsək, hansı cəhətləri qabarda bilərsiz?

- Rəqiblər tam fərqlidir. Bu komanda daha sürətli idi. Bu gün daha yaxşı oynaya bilərdik.

 

- Mətbuat və azarkeşlər milliləşdirməyə etiraz edirlər. Lakin komandada çatışmayan cəhətlər görünür. Sizcə, buna ehtiyac var?

- Yaxşı futbolçu olsa, oynamağa razı olsa, bunda problem görmürəm. Bu gün buna ehtiyac var. 90 dəqiqə mübarizə aparırsan, bir səhv, bir boşluq hər şeyin üstündən xətt çəkir.

 

- Mərkəz müdafiəçinin səhvindən ötən oyunda olduğu kimi, bu matçda da milli qol buraxdı. Onu əvəz etməyə futbolçu yox idi, yoxsa özünüz şans verdiniz?

- Sırf mərkəz müdafiəçisinin səhvindən qol buraxdığımızı deməzdim. Standart vəziyyət idi. Hər oyunçuya bir futbolçu düşür. Analiz edəcəyik. Rəqibin ikinci mərtəbədə yaxşı olduğunu bilirdik. Lakin müdafiə oluna bilmədik. İndidən danışmaq tez olar. Uşaqların beynəlxalq təcrübələri azdır. Onlara vaxt lazımdır. Ondan sonra baxacağıq ki, kim nəyə qadirdir. Potensiallarına güvənirəm.

 

- Anton Krivotsyuk “Neftçi”də cinahda çıxış edir. O, millidə mərkəz müdafiəçisi kimi oynayacaq?

- Bu açıqlamanı qışda da vermişdim. Onu stopper kimi düşünürəm. Çünki buna ehtiyacımız var. Başla yaxşı oynayır, oyunu oxuya bilir, soyuqqanlıdır və sürəti var. Ola bilsin ki, hansısa oyunlarda sol cinahda oynada bilərik.

 

- “Qarabağ”dan bu gün 9 futbolçunun ayrıldığı açıqlandı. İbrahim Şehiçin ayrılığı nə ilə bağlı idi?

- Bu, ona gələn təkliflə bağlı idi. Biləcəksiniz hansı kluba getdiyini. “Qarabağ”ın uğuru özü üçün problemə çevrilib. Hamısı Çempiolar Liqasında oynayıb və təklif alırlar. Pul söhbəti deyil, gözüyaşlı gedirlər ki ayrılmaq istəmirik. Ancaq bu da həyatın şansıdır, bu cür komandalardan təklf alırlar. Onları qınamaq olmaz. Hər birini yaxşı anlayıram. Şehiçin necə bir kluba gedəcəyini özünüz görəcəksiniz.

 

- “Qarabağ” gedənlərin yerini dolduracaq?

- Bizim üçün ən çətin transfer dönəmi olacaq. Komandada yenilənmə baş verəcək. Gedənlər çoxdur, gələnlərin necə olacağını isə bilmirik. Uyğunlaşmaq üçün zaman da lazım olacaq. Bizim üçün çətin transfer pəncərəsi olacaq. Bunu öncə də demişdim. Şehiçin, Almeydanın və digərlərinin boşluğunu doldurmaq çox çətin olacaq.

Tarix: 24 May [21:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio