Riçard Almeyda: "Qriqorçuk mənim necə xeyir verə biləcəyimi yaxşı bilir" MÜSAHİBƏ

13:41 - 7 İyul 2018

Azərbaycan millisinin və Qazaxıstanın "Astana" klubunun yarımmüdafiəçisi Riçard Almeyda Sports.kz saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir. 

 

- Azərbaycanlılar sizin Avropanın ciddi klublarından birinə keçəcəyinizi gözləyirdi. Ən pis halda ərəblərin yanına, pul dalınca. Ancaq “Astana”nı seçdiniz. Niyə?

- Bir neçə klubdan təklif almışdım, ancaq ailəmlə birgə qərara aldıq ki, “Astana”ya keçmək lazımdı. Çünki bu klub həmişə öz ölkəsində çempionluq və Çempionlar Liqasının, yaxud Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparır. Üstəlik, hər il avrokuboklarda qrup mərhələsində çıxış edir.

 

- “Astana”nın dəvətində sizi konkret nə maraqlandırdı?

- Məni öz komandalarında real görmək istəmələri və bel bağlamaları. Burda olmağım üçün bütün səylər göstərildi. Buna görə də bura gəlməyi qərara aldım.

 

- Bəzi azərbaycanlı jurnalistlər kimi, siz də “Astana”nı tramplin hesab edirsiniz? Qazaxıstan çempionuna keçidi peşəkar karyeranızda irəliyə atılmış addım sayırsız?

- Həyatımda verdiyim qərarlardan asılı olmayaraq, hər zaman irəliləyirəm. Daim daha yüksəyə çalışmışam. Ən əsası, ailəm yanımdadı, mənə dəstək verir. “Astana”ya keçdiyim üçün şadam.

 

- Baş məşqçi Roman Qriqorçuku yaxşı tanıyırsınız?

- Azərbaycanda ona qarşı çox oynamışam. Açığı, yaxından tanımırdım. Ancaq yaxşı məşqçiliklə yanaşı, həm də gözəl insan olduğunu bilirdim. Qriqorçuk mənim necə xeyir verə biləcəyimi yaxşı bilir.

 

- Qazaxıstan, "Astana"yla bağlı ilkin təəssüratlarınız necədi?

- Çox yaxşı. Bura gəldiyim gündən hamı mənə yaxşı münasibət göstərib. Bundan əlavə, burda çox yaxşı infrastruktur var ki, klubun oyunçularına təqdim olunur.

 

- Azərbaycanda mövsüm mayda bitib, Qazaxıstanda isə ən qızğın vaxtıdı. Bərpa olunmağa və güc toplamağa imkan tapmısınız? Hazırkı funksional vəziyyətinizi necə dəyərləndirərdiniz?

- Əslində, yüz faiz hazır deyiləm. Çünki problemlərim vardı ki, onlar mənə məşq etməyə imkan vermirdi. Ancaq hər gün fiziki hazırlığımı yaxşılaşdırıram, çox çalışıram.

 

- Qazaxıstana qarşı Astanada keçirilən yoldaşlıq görüşündə Azərbaycan millisinin heyətində niyə çıxış etmədiniz?

- Topuğumda zədə olduğu üçün oynaya bilmədim. Matça baxa da bilmədim. Çünki həmin vaxt təyyarədə idim, istirahət etmək üçün Braziliyaya gedirdim.

 

- "Astana"nın sonuncu oyununu izlədiniz. Özünüzü komandanın hansı mövqeyində görürsünüz?

- Həm son, həm də ondan əvvəlki iki qarşılaşmanı izlədim. Mənim rolum komanda yoldaşlarıma kömək etməkdir. Komandada əla futbolçular var.

Xəbər xətti