Elxan Məmmədov: "I Divizionda viruslar var və onları məhv etməliyik" MÜSAHİBƏ

11:59 - 24 İyul 2018

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası baş tutub.

 

Sportal.az xəbər verir ki, iclasdan sonra AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb:

 

- I Divizionla əvəzedici çempionatların müzakirəsi edildi. Klublar Komitəsi və Məşqçilər Komitəsi adından yeni konsepsiyanı təqdim etdik. İK 2 ay əvvəl layihədə bəzi dəyişikliklərin olmasını və yenidən baxılmasını bildirdi. AFFA, PFL və I Divizion klubları yenidən bunu müzakirə etdik və yeni konsepsiyanı təqdim etdik. Gənclərdən ibarət milli komandaların baş məşqçilərin arzusu gənc futbolçuların çox oynamasıdır. Əvəzedici komandaların I Divizionda oynanılmasına bu gün qərar verildi. I Divizionun 4-6 komandası yarışda qalacaq. 8 əvəzedici komanda da aşağı dəstəyə qoşulacaq. Orada müvafiq limit tətbiq olunacaq. 4 sərbəst, 6 nəfər 1998-ci il və daha cavan və 1 nəfər 2001-ci il təvəllüdlü futbolçu mütləq heyətdə olmalıdır. Gənc futbolçulara əlavə şans verilir. Milli komandalarda oynayan cavan futbolçular üçün bu yaxşı fürsətdir. Bu, həm də danışılmış oyunlarla mübarizə yoludur. Əvəzedici komanda birbaşa klubu təmsil edir. Onlar məsuliyyət daşıyacaq. Bu gedişlə virusu tam məhv edəcəyik.

 

- Əvəzedici komandalar aşağı dəstədə müvafiq yerləri tutsalar, Premyer Liqaya buraxılacaq?

- Ancaq I Divizionun komandaları elitaya yüksələ biləcəklər.

 

- I Divizionda 4-6 komandanın olacağını bildirdiz. O komandalar hansı şərtlərə görə seçiləcək?

- Ötən mövsüm iştirak edən komandalardan olacaqlar. Yeni klub I Divizionda olmayacaq. Yeni yaranan komandalar Region Liqasında oynamalıdırlar. Ən azı orda 2-3 il oynadıqdan sonra I Diviziona buraxılacaqlar. Çünki I Diviziona gələn yeni komandaların bir çoxu 12 aydan sonra yox olur. Biz AFFA əmin olmalıyıq ki, həmin klubun peşəkar niyyəti var. Danışılmış oyunlarla bağlı müzakirələr aparırıq. Bölgələri nəzər almalıyıq. Uşaq futbolunu düşünməliyik.

 

- AFFA yanında Media Komitəsinin gələcək taleyi qeyri-müəyyəndir. Bununla bağlı müzakirə aparılıb?

- Xeyr, bununla bağlı müzakirə aparılmayıb. Bu müzakirə gözlənilmirdi. Növbəti iclasda MK ilə bağlı qərar qəbul olunacaq.

 

- “Kəpəz” I Divizionda oynayacaq?

- Bəli, dəqiqləşib. “Kəpəz” I Divizonda oynayacaq.

 

- Azərbaycan AÇ-2020-nin final mərhələsində oynamağı qarşısında məqsəd qoyub. Ancaq ölkədə 14 peşəkar klubun olması qarşısına belə hədəflər qoyan ölkə üçün nə dərəcədə düzgündür?

- Bir tərəfdən sizinlə razıyam. Amma reallıq var. I Divizionda viruslar var və onları məhv etməliyik. Bundan əlavə, öz büdcəsi ilə maliyyələşəcək klublar olmalıdır. Biz AFFA olaraq, 12-14 klubun hamısını təmin edə bilmərik. Digər Avropa ölkələrinə baxsaq, belə vəziyyət var. Söhbət saydan yox, keyfiyyətdən gedir. DÇ-2018-də çıxış edən ölkələrdə də belə hallar var idi. Onlar keyfiyyətə önəm verirlər. Futbolçuları daha məsuliyyətlə çalışır və gələcəklərini düşünərək, top klublarda oynayırlar. Xorvatiyanı buna misal gətirə bilərik. Yerli futbolçuları adlı-sanlı klublarda çıxış edirlər.

 

- Avropa Liqasındakı klublarımız rüsvay oldular. Vəziyyət quyunun lap dibinə gedir...

- Gəlin, ümid edək ki, “Qarabağ” bizi sevindərəcək. "Qarabağ" 8 komandalı çempionatdan ÇL-in qrupuna vəsiqə qazanıb. Deməli, sağlam rəqabətli çempionatımız var. 

 

- Premyer Liqada çıxış edən 2-3 klubu çıxmaqla hamısını AFFA maliyyələşdirir. I Divizion komandaları da AFFA-dan asılıdır. Sponsorların, iş adamlarının futbola cəlb olunması üçün işlər aparılır?

- Bu da bizi düşündürür. Digər ölkələrə baxırıq. Bir müddət keçəndən sonra düzələcək. İcra hakimiyyətləri və sponsorlar yenidən maraq göstərəcəklər. İspaniyada 90-cı illərdə belə problem olub. Bir az səbirli olmalıyıq.

 

- Danışılmış oyunlara görə cəzalananlar yenə olacaq?

- Bəli, olacaq. Araşdırmalar gedir. Bütün sənədləri təqdim edirik. AFFA mütəmadi olaraq, mühafizə orqanları ilə əlaqədəyik. Sanksiyalar tətbiq ediləcək.

Xəbər xətti