PSJ, "Barselona", "Bavariya"... və "Qarabağ"

18:18 - 18 May 2020

Beynəlxalq İdman Araçdırmaları Mərkəzi CIES yeni hesabatını təqdim edib. Bu dəfə yerli çempionatlarda klubların böyük hesablı qələbələri araşdırılıb.

 

Sportal.az xəbər verir ki, 151 ölkənin yüksək liqasında mübarizə aparan komandaların 1 yanvar 2015-ci ildən 31 dekabr 2019-cu ilə qədər olan nəticələri əsas götürülən hesabatda Azərbaycan Premyer Liqasına da yer verilib. Çempionatımızda 3 qol və daha böyük fərqlə qazanılan qələbələrin sayında liderlik son illərin dəyişilməz çempionu "Qarabağ"a məxsusdu. Ağdam klubu matçlarının 15,4 faizində böyük hesabla qalib gəlib.

 

"Qarabağ"ın göstəricisi digər klublardan xeyli yuxarıdı. Belə ki, ikinci sırada qərarlaşan "Qəbələ"nin böyükhesablı qələbə faizi 9,3-dü. İlk "3-lüy"ü isə 7,5 faizlə "Zirə" qapayır. Bu göstərici "Keşlə"də 6,5 faiz, "Neftçi"də 5,3 faiz, "Sumqayıt"da 1,3 faizdi. "Səbail" və "Sabah"ın Premyer Liqada mübarizə aparması sözügedən periodu tam əhatə etmədiyi üçün onların nəticələri hesablanmayıb.

 

Ümumi sıralamada ən yüksək göstərici Cəbəllütariq "Linkoln"undadı - 49,6 faiz. Taiti "Tefana"sı ikinci (42,9 faiz), Filippin "Serez Neqros"u 3-cüdü (41,9 faiz).

 

"Böyük beşlik" liqalarına gəlincə, burda PSJ və "Barselona" şərikli liderdi - 34,5 faiz. Oyunlarının 32,4 faizini böyük hesabla qazanan "Bavariya" isə 3-cüdü.

 

Azərbaycan Premyer Liqasında ümumi böyükhesablı qələbə faizi 11,7-di. Bu isə lider Makaodan təxminən 4 dəfə azdı - 42,5 faiz.

Xəbər xətti