Azərbaycan Premyer Liqasında XIX turun “Zirə” – “Qarabağ” (0:2) oyunundan sonra təkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
- Vacib oyun idi və əhəmiyyətli qələbə qazandıq. Hər iki komanda həddən artıq istəkli idi. İlk yarıda qollar vursaq da, ikinci hissə heç də asan olmadı. Futbolçular sona kimi düzgün oynamağa çalışdılar. Həm qələbədən, həm də komandadan razı qaldım. Hər iki tərəfin oyun tempini salmamasının bizə qarşıdakı matçlarda böyük köməyi olacaq. Zirə”yə qarşı oynamaq həmişə çətindi. Həm də maraqlı.
- Xayme Romeronun durumu necədi? Zədəsi ciddi görünürdü?
- Hələ bilinmir. Ola bilər ki, çox ciddi olmasın. Yorğunluqla əlaqəli olması mümkündü. Hələ dəqiq cavab verə bilməyəcəyik.
- Zubirin start heyətdə yer almaması nə ilə bağlı idi?
- Bir neçə gün idi özünü o qədər yaxşı hiss etmirdi, naxoş idi. Ona görə risk etmədik.
- “Neftçi” ilə müqayisədə sizin çempionluq şansınızın daha çox olduğu hesab olunur. Bu rahatlıq sizdə narahatlıq yaratmır ki?
- Hər oyun bizim üçün narahatlıq yaradır. Bütün matçlar vacibdi. Hər qazanılan xal əhəmiyyətlidi. İllər boyu “Neftçi” ilə rəqabətimiz olub. İdman elədi ki, hımişə düşündüyün nəticəni qazana bilmirsən. Ümumən, çox ciddi mübarizə gedir. Qarşıdakı oyunlarda hər bir komandada xal itkiləri ola bilər. Son tura kimi mübarizə aparacağıq. Qismətimizdə varsa, çempion olacağıq. İşimizi davam etdirməliyik.
- Rəşad Sadıqovun komandası sizə qarşı xüsusi aqressiv görünürdü. Sanki o özünü məşqçi kimi sizə göstərməyə çalışırdı...
- Rəşadla hətta özümüz futbol oynayanda həddən artıq aqressiv olurduq. Tək bizə qarşı deyil, bütün görüşlərdə belə oynayırlar. “Qarabağ”a həm də futbolçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Rəşad məşqçiliyə başlayandan sonra çempionatımız fərqli olmağa başlayıb. Dinamika, sürət görünür. Mənə nəsə göstərəcək məşqçi, adam deyil. Doğru olan nədisə, onu etməyə çalışan insandı.
- Çoxları çempionun son turda “Neftçi” ilə görüşünüzdə müəyyənləşməsinin daha maraqlı olacağı fikrindədi...
- Təəssüf ki, futbol bir oyunda qələbə ilə yekunlaşmır. Bir matçda istənilən nəticə ola bilər. Bütün oyunlar bizim üçün çox vacibdi. İdmanda heç vaxt arzulamırsan ki, işin sona qalsın. İstənilən nəticə ola bilər. Çempionluq barədə düşünmək üçün tezdi. İndidən bunu düşünsək, bizə mane ola bilər. Növbəti turda da “Sabah”la çətin oyunumuz var. Hələ ki, həmin matçı düşünəcəyik.
- Musa Qurbanlının oyununu məşqçi yox, bir ata kimi necə dəyərləndirə bilərsiz?
- Bunu Rəşaddan soruşsaz, daha doğru olar (gülür). Daha çox öz komandama baxırdım. Bütün futbolçulardan heç vaxt tam razı qaldığımı demirəm. İstəyirəm ki, həmişə daha çox hazırlaşsınlar. Musa da hələ üzərində çox işləməlidi.