Qurban Qurbanov: "Çox vacib üç xal qazandıq"

21:36 - 12 Mart 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının 19-cu turunun oyununda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Komandamı təbrik edirəm. Çox vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı oynayırdıq. Ümumiyyətlə meydanda çox intizamlı iki komanda var idi. Bir-birimizi yaxşı təhlil etmişdik. Belə oyunun taleyini bir qol həll edəcəkdi. Hansı komanda qol vursaydı, digəri üçün daha çətin olacaqdı. Futbolçularımdan çox razı qaldım. Matçın əvvəlində bir az çətinliklər oldu, amma get-gedə oyunu əla almağı bacardılar. 


- Filip Ozobiçin oyunu haqda nə deyə bilərsiz?

- Bizdə statistikalar var. Ozobiç meydanda ən çox qaçan oyunçulardandır. Ola bilər ki, hansısa epizodda öz zonasında ola bilmirdi. Bəzi epizodlarda düşündüyümüz kimi alınmadı. Amma sona kimi mübarizə apardı. Dediyim kimi, çox intizamlı komandaya qarşı oynadıq. Bizi çox yaxşı təhlil etmişdilər. 


- Bu gün "Qarabağ"ın qol epizodları az oldu. Bu sizi narahat edir?

- Ümumən cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 real qol imkanımız oldu. Sadəcə ola bilər ki, son ötürmə ünvanına çatmırdı. Rəqibin intizamlı oyununu yaddan çıxarmalı deyilik. "Sabah" rəqib oyunçulara ən çox yaxın oynaya bilən komandadır. Rəqibə meydanda istəyini etməyə imkan yaratmırlar. Bu gün futbol elə səviyyəyə gəlib çıxıb ki, biz hər oyun nə 5-6 qol vuran bilərik, nə də 7-8 qol epizodu yarada bilərik. Bəzən bir standart vəziyyət oyunun taleyini həll edir. Ümumən narahatlığım yoxdur. Çünki futbolçuların intizamlı, istəkli olması mənim üçün çox vacibdir. Qarşıda da belə oyunlarımız olacaq.


- Toral Bayramovun durumu necədir?

- Ayağında bir az şiş oldu. Rəqib oyunçu pəncə hissəsinə xəsarət yetirdi. Sabah durumu tam bilinəcək. Ola bilər 3-4 gün məşqlərdən kənar qalsın. Həkimlərin dediyinə görə, çox da ciddi zədə görünmür. 


- Bədavi Hüseynovu bu mövsümdə meydanda görə biləcəyik?

- İnşallah görə biləcəyik. Çünki, uyğun bir zaman axtarırıq. Daha yaxşı bərpa olub qarşıdakı matçlarda meydana çıxacaq. Sadəcə indi ilk dəqiqələrdən risk etmirik. Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə əvəzedici heyətimizlə yoxlama matçında yəqin ki, oynayacaq. 


- Rusiya ilə Ukrayna arasında baş verən müharibədən sonra bu ölkələrdə oynayan bir neçə futbolçu azad agent statusu alıb. Menecerlər vasitəsilə sizə oyunçular təklif olunub?

- Heç kimlə ünsiyyət olmayıb, bizə belə məlumat gəlməyib.


- Bədavi Hüseynov əsas heyətin oyunçusu idi. O qayıdandan sonra əsas heyətdən kimin kənarda qalacağı real görünür?

- Futbolçuların özlərindən asılıdır. Hansı stabil olacaq, özünü daha inamlı göstərəcək, o da şans qazanacaq. Mən sevinirəm ki, belə rəqabət olsun. 


- Maksim Medvedevi artıq mərkəz müdafiəçisi kimi görürsüz. Onun cinahda oynamaq ehtimalı nə dərəcədədir?

- Daha çox ehtimal mərkəz müdafiəçisi oynamağıdır. 


- Abbas Hüseynovun oynamağının səbəbi nədir?

- Rəqibə görə heyət qururuq. Əvvəlki iki matçda Abbas oynamışdı, ondan razı qalmışdım. Bu gün Marko Veşoviçə şans verdim. Hər ikisindən razıyam.

 

Xayme Romeronu mövsümün sonuna kimi meydanda görə biləcəyik?

- Görə bilərik. Amma 90 dəqiqə oynaya bilməz. Çünki, Bədavidən bir ay sonra zədələnmişdi. Onun hələ beş ayı yeni bitib. Komandaya qoşulub. Amma daha çox yükləmələrdə fərdi məşq edir. Bəlkə bir aydan sonra meydana buraxmaq ehtimalımız ola bilər. Amma mövsümün sonuna kimi əvvəlki formasını bərpa etməsi çətindir.

 

Elçin Əlixan

Xəbər xətti