AFFA-nın 30 illik yubileyi qeyd olundu

13:12 - 30 Dekabr 2022

AFFA-nın təsis olunmasının 30 illiyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.

 

Sportal.az xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın kollektivi, assosiasiyanın birbaşa və dolayı üzvlərinin təmsilçiləri, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
 
AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək 30 illik yubiley və qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarına təbrik ünvanlayıb.
 
Gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin idman şöbəsinin müdiri Elnur Məmmədov bir müddət öncə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adına layiq görülmüş AFFA əməkdaşlarına müvafiq vəsiqələri təqdim ediblər. 
 
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək yubiley münasibətilə təbriklərini çatdırıb, milli komandamızın son oyunlarda əldə etdiyi arıdıcıl qələbələrdan danışıb.
 
Daha sonra AFFA-nın vitse-prezidenti, FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov 30 illik yubiley münasibətilə FIFA-nın təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, bu il Qətərdə keçirilmiş Dünya Kubokunun rəsmi topunu AFFA-nın prezidenti Rövnəq Abdullayevə təqdim edib.
 
Sonda çıxış edən AFFA-nın baş katibi Sərxan Hacıyev hər bir iştirakçıya tədbirə təşrif buyurduğu üçün təşəkkürünü bildirib, AFFA-nın 30 illik yubileyi, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikini səsləndirib.

Xəbər xətti