"Qarabağ" azarkeşlərə şah verdi - Şahruddin mat olmamaq ümidi ilə qayıtdı

19:01 - 19 İyul 2024

Ona sevilməyən qəhrəman da demək olar. Şahruddin Məhəmmədəliyevi istəyənlər az deyil, amma istəməyənlər daha çoxdur azarkeşlər arasında. Azərbaycan futbolunda onun qədər qəhrəmandan anti-qəhrəmana, anti-qəhrəmandan da qəhrəmana çevrilən ikinci şəxs yoxdur. Bir də görürsən möhtəşəm qurtarış elədi, sonra da durduq yerdə qapısına qol gətirdi. Bu qədər təzadlı qapıçıdır yəni... 

Ötən mövsümün əvvəlində Şahruddinin "Qarabağ"dan getməsi azarkeşləri o qədər məmnun etmişdi ki, bunu qapının içinə basdırılmış minanın zərərsizləşdirilməsi kimi qələmə verənlər də var idi. Əslində, Şahruddin o qədər bərbad dayanmayıb "Qarabağ"da. Yaxşı oyunları da kifayət qədər olub. Amma həlledici anlarda yol verdiyi uşaq səhvlərinə görə linç olunub ictimaiyyət tərəfindən. 

Bir illik aradan sonra yenə "Qarabağ"a qayıdıb. Qayıtmağı ilə də sosial şəbəkələrdə tənqid dalğasına tuş gəlib. Etiraz edən kim, bu dönüşü "Qarabağ"ın düşüşü kimi qiymətləndirən kim... 

Hələ ki görünən odur ki, əsas qapıçı yeni transfer Buntiç olacaq, Şahruddin yox. Lakin millimizin qapıçısının dərin ehtiyatda qalacağı da inandırıcı deyil. Hadisələrin gedişatına uyğun olaraq onu yenə də həlledici matçlarda qapıda görə bilərik. "Qarabağ" rəhbərliyi narazılıqların fonunda onu gətirməklə azarkeşlərə bir növ şah vermiş oldu. Bunu Şahruddin özü də anlamamış deyil. Ona görə bu dəfə elə performans sərgiləməlidir ki, nə özü, nə də rəhbərlik mat olmasın. 

Həmid

Xəbər xətti