"Sumqayıt"ın kapitanı Elvin Bədəlov Sportal.az saytına müsahibə verib.
- "Sumqayıt" mövsümün son görüşündə qələbə qazandı. "Səbail"lə görüşdə oyununuz necə alındı? Premyer Liqanı tərk etmiş rəqibə qarşı motivasiya olmaq yəqin ki, çətin deyildi?
- Son oyunu qələbə ilə başa vurmaq çox xoş idi. Əlbəttə ki, hazırlaşmaq çətin idi. Ancaq uşaqlar sağ olsunlar, peşəkar şəkildə hazırlaşdıq və layiqli də qələbə qazandıq. Birinci hissə bir az çətinlik çəkdik. Ancaq ikinci hissə tam olaraq nəzarətimiz altında keçdi. Gözəl qollar vurduq, bu da sevindirici oldu.
- “Kəpəz" "Turan Tovuz"a uduzsa, "Sumqayıt" mövsümü 8-ci pillədə bitirəcək. Yoxsa, sizin üçün mövsümü 8 və ya 9-cu yerdə bitirmək arasında fərq yoxdur? Əsas odur Premyer Liqada qaldınız?
- Əlbəttə, əsas odur ki, Premyer Liqada qaldıq. Amma 8-ci olsaq, daha yaxşıdır. Qismət nədirsə, o da olsun.
- Mövsümə avrokuboklarda başlayan "Sumqayıt"ın ən yaxşı halda, 8 və ya 9-cu yerdə olması səncə nə ilə əlaqədardır? Rəqiblər çox güclü oldu, liqa çətin keçdi, yoxsa "Sumqayıt"da işlər qaydasında getmədi deyə, belə alındı?
- Həm rəqiblər gücləndi, həm də biz klub olaraq zəif çıxış etdik. Belə mövsümlər bəzən olur. Amma “Sumqayıt” daha yaxşısına layiqdir. Yeni mövsüm başqa “Sumqayıt” görə bilərik.
- Səncə bu mövsüm "Sumqayıt"ın ən yaxşı və ən uğursuz oyunu hansı oldu? Xüsusi dəyərləndirəcəyin iki matç var?
- Bu barədə nəsə demək çətindir. Ən yaxşı oyunumuz son matç olsun. Mövsümü qələbə ilə başa vurduq. Böyük hesabla qazandıq. Ən pis oyunumuz isə "Qarabağ"a qarşı səfərdəki görüş idi. Böyükhesablı məğlubiyyət olmuşduq.
- “Qarabağ"a keçəcəyin gündəmdə idi. Mövzu bağlanıb?
- Bəli, bu mövzu çox danışıldı. Amma bu, sadəcə internet portallarında çıxan məlumatlar idi. Mövsüm bitdi. Bu gündən sonra nəsə olarsa, danışmaq mümkündür. Hələ ki heç bir klubla bağlı real heç nə yoxdur.
- Yeni mövsüm səni yenə də "Sumqayıt"da görəcəyik? Klub sənə yeni müqavilə təklif edib?
- Nəsə demək çətindir. Mövsüm yeni bitdi. Fikirləşməyə də vaxt olacaq. Klubla ilkin danışıq olub. Necə olacağını isə zaman göstərəcək.
Mirbağırağa