Polşanın “Stal” (Mieleç) klubunun keçmiş meneceri Tomaş Peremba komandanın yüksək liqadan aşağı düşməsi haqda danışarkən klubun uğursuz transfer işlərinə, o cümlədən qapıçı Mateuş Koxalskinin “Qarabağ”ına satılmasına da toxunub.
Sportal.az xəbər verir ki, ölkəsinin “Onet” nəşrinə danışan polyak Koxalski haqda bunları deyib:
"Yayda Mateuş Koxalski, qışda isə İlya Şkurin "Stal"ı tərk etdi. Mən bu qərarları başa düşmürəm. Mən klubda olanda biz həmişə komandanı elə qururduq ki, ən yaxşı oyunçular ən vacib mövqelərdə oynayırdı. Bizim həmişə çox yaxşı qapıçılarımız, müdafiəçilərimiz və effektli hücumçularımız olub. Sonra bizi yüksək liqadan düşməkdən xilas edən Mateuş Koxalskini “Qarabağ”a satdıq. Müqaviləsinin bitməsinə hələ bir il qalmışdı, bəs “Stal” onun transferindən əldə edilən 500 min avronu nə etdi? Bu məbləğin 45 faizi “Legiya”nın balansına getdi. Baxın, özümüz necə zəiflətdik. Mən bu futbolçulardan imtina etməzdim".