"Azərbaycan millisini qarşıda İslandiya və Fransaya qarşı matçlar gözləyir. Bu matçda milliyə uğurlar arzulayıram. Təbii ki, çətin olacaq. Amma hər şey mümkündür. Ayxan Abbasovun gəlişindən sonra milli iki yaxşı səviyyədə oyun keçirdi. Yaxşı müdafiə olundular. Fikrimcə, qarşıdakı matçlarda da nəticə qazanmaq mümkündür".
Bu sözləri Sportal.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.
Vaxtı ilə yığma komandamıza rəhbərlik etmiş təcrübəl məşqçi futbolumuzun problemlərindən də bəhs edib. Hazırda Bolqarıstanın yüksək liqa təmsilçilərindən olan “Spartak”(Varna) klubunu çalışdıran Haciyevski legioner həyatı yaşayan azərbaycanlıların sayının az olmasını qabardıb:
"Məsələ hansısa oyunlarda uduzmaq deyil. Legioner həyatı yaşayan azərbaycanlı futbolçuların sayı çox azdır. Bu da birbaşa milli komandaya təsir edir. İtaliya, İspaniya, Almaniya çempionatlarında azərbaycanlılar oynasa, milli komandaya da təsirini göstərərdi. Necə etmək lazımdır ki, ölkə xaricində oynayan azərbaycanlıların sayı artsın? Bax, bunun üzərində işləmək lazımdır. Azərbaycan futbolu üçün sistemli, planlı şəkildə irəliləyiş, strategiya lazımdır. Mən Azərbaycan futbolu üçün ən yaxşı nəticələri arzu edirəm".
Mirbağırağa