"İmişli" Misli Premyer Liqasının 9-cu turunda səfərdə "Kəpəz"i 3:0 hesabl ilə məğlub edib.
Bölgə təmsilçisinin kapitaanı Azər Salahlı matçdan sonra Sportal.az saytına müsahibə verib:
- Oyunun çətin keçəcəyini bilirdik. Çünki "Kəpəz" Azər Bağırovun gəlişindən sonra çox yaxşı təsir bağışlayır. Son matçda da inamlı qələbə qazanmışdılar. Hər iki komanda üçün 6 xallıq vacib oyun idi. Qəbələ qazandığımız üçün xoşbəxtik.
- Vüsal Qənbərov ağır zədə aldı. Bundan sonra komanda olaraq necə toparlandınız?
- Doğrudan da çox çətin vəziyyət idi. Hər birimiz çox pis olduq. İstəməzdik ki, belə olsun. Vüsala Allahdan şəfa diləyirəm. Paltardəyişmə otağında bir-birimizə dedik ki, bu matçı Vüsal üçün qazanmalıyıq. Qələbəni ona həsr edirik.
- "İmişli" yeni qurulan komanda olsa da, turnir cədvəlinin üst pillələrində yer alıb. Uğurlu nəticələrin sirri nədir?
- Bir kollektiv formalaşdırmaq çox çətindir. Amma biz bunun öhdəsindən gəlmişik. Ən əsası burada yaxşı xarakterli insanlar toplaşıb. Bunun bariz nümunəsi meydanda görünür. Uğurlu çıxışımızı davam etdirməyə çalışacağıq.
- "Neftçi"dən ayrıldıqdan sonra Premyer Liqaya yeni yüksələn klubdan təklif aldıqda qərar verərkən tərəddüd etmədin?
- Əlbəttə ki, "Neftçi"dən ayrılıb elitaya yeni çıxan komandaya keçmək böyük riskdir. "Neftçi"nin adı bəs edir. Bura gələndə ilk dönəmlərdə çətinlik çəkirdim. Sonradan çox yaxşı kollektiv formalaşdı.
- Qələbələr qazandıqca avrokuboklara vəsiqə barədə düşünürsünüz?
- Qarşımıza konkret məqsəd qoymamışıq. Hər həftə oyundan-oyuna hazırlaşırıq. Maksimumumuz nədirsə, onu etməyə çalışırıq. Komanda olaraq heç vaxt fikirləşməmişik ki, bizim 12 xalımız var. Hər birimizin beynində 15 xal var. Çünki meydanda 15 xal qazanmışıq. Turnir cədvəlinə fikir vermirik, əsas bizim beynimizdəki cədvəldir. İnamlı oyunumuzu davam etdirmək üçün çox çalışmalıyıq.
- Komanda Bakıda məskunlaşıb, ev oyunlarını isə Qubada keçirir. Hər matçı səfərdə oynadığınızı demək olar?
- İmişlidə oynasaq, bizim üçün daha faydalı ola bilərdi. Çünki öz azarkeşlərimizin qarşısında böyük dəstəklə oynamaq tam fərqlidir. Oradakı insanlar futbolu sevirlər. Ümid edirəm ki, tezliklə İmişliyə qayıdarıq. Düşünürəm ki, bu mövsüm alınmayacaq. Bütün oyunlarda maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Keçmiş komandan "Neftçi" istədiyi nəticələri qazana bilmir. Onların oyunları barədə nə deyə bilərsən?
- "Neftçi"yə uğurlar arzulayıram. Mən hazırda "İmişli"deyəm. Onların oyunları barədə fikir bildirməyim düzgün olmaz.
- Mətbuatda yazılanlara görə ötən mövsüm bir oyunda da meydana çıxsaydın "Neftçi" ilə müqavilən uzadılacaqdı. Amma mövsümün sonlarında səni meydanda görmədik. Bununla bağlı nə deyə bilərsən?
- Uzun müddət oynamayan futbolçunu oynadırlarsa, deməli sırf müqavilə ilə bağlı atılmış addım idi. Həmin dönəmdə heyətlər açıqlananda artıq bunu bilmişdim. Sadəcə olaraq "Neftçi"yə uğurlar arzulayıram.
- "Neftçi" ilə oyunlar sənin üçün prinsipialdır?
- Bəli, "Neftçi" ilə oyunlar mənim üçün prinsipialdır. Onlara nəyisə sübut etmək iqtidarında deyiləm. İnsan ən birinci özünə nəyisə sübut etməlidir. "Neftçi"yə qarşı içimdə prinsipiallıq var. Onlara məğlub olmasaq, bu, məni rahat edəcək. İlk oyunda heç-heçə etdik. Düşünürəm ki, bu mövsüm "Neftçi"yə məğlub olmayacağıq.
- "Neftçi"də haqsızlığa məruz qalanlar olub?
- Başqaları haqda fikir bildirə bilmərəm. "Neftçi"də oynamaq hər zaman böyük qürur olub. Az sayda azərbaycanlı futbolçu bu komandada 100 oyun həddini keçə bilib. Mən də onlardan biriyəm. "Neftçi"nin tarixində yerimin olması mənim üçün böyük qürurdur.
- Milli komandadan təklif gözləyirsən?
- Rəqabətə hər zaman hazıram. Millidən dəvət gözləyirəm. Dəvət olmadığı halda da çalışıram ki, ora hazır olun. Millidə xeyli oyun keçirmişəm. Dəvət göndəriləcəyi təqdirdə ölkəmizi təmsil etməyə hazıram. Milli komanda beşli müdafiə sistemi ilə oynayır. Biz də "İmişli" olaraq bu sistemlə oynayırıq. Daha çox mərkəz müdafiəçisi mövqeyində çıxış edirəm. Hansı mövqedə ehtiyac olsa, canla-başla oynamağa hazıram.
Elçin Əlixan
saytlarin hazirlanmasi
