Komanda.az saytının jurnalistlər arasında keçiridiyi sorğuya əsasən ilin ən yaxşı baş məşqçisi seçilən Qurban Qurbanov brifinq keçirib.
Sportal.az mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- İlin ən yaxşı baş məşqçisi seçildiniz. Bununla bağlı fikirlərinizi bölüşərdiz...
- Hər birinizə təşəkkür edirəm. Düz 1 il əvvəl burada idim, bu mükafatı almışdım. 15-ci dəfə qalib olduğum üçün sevinirəm. Belə uğurlardan sonra məsuliyyətim bir az da artır. Hansısa uğur əldə etmişiksə, ən azından onu qoruyub-saxlamağa çalışırıq. Bu il xüsusi il oldu. Çempionlar Liqasının Liqa mərhələsinə düşdük. Burada olmaq çox önəmli idi.
- Təzyiq altında işləmək sizin üçün çətin deyil?
- Günü-gündən daha da çətinləşir. Əvvəllər gənc idim, daha həvəsli idim. İndi həvəsli olmaqla bərabər məsuliyyət də artır. Heç də asan deyil. Çalışırıq ki, bacaraq.
- Adınız bir çox xarici klublarla hallanır. Maraqlıdır, Qurban Qurbanov özü hansı ölkədə çalışmaq istəyər?
- Hazırda Azərbaycan ruhuma daha yaxındır. Bakını çox sevirəm. Bu şəhər mənim üçün əvəzolunmazdır. Bizim burada qalmağımız Azərbaycan futboluna fayda verəcəksə, qalmağa razıyam.
- "Ayaks"la oyundan sonra hücumçu məsələsi yenidən gündəmə gəldi. Hazırda konkret hədəfə aldığınız, təklif göndərdiyiniz forvard var?
- Əlbəttə ki, maraq göstərdiklərimiz var. 18 ildir "Qarabağ"dayam. Hər il hücumçu söhbəti olur. Ola bilər ki, nə vaxtsa bir az gecikmişik. Ümumi götürsək, komandamızda həmişə yaxşı hücumçular olub. Hazırda axtarışlarımız gedir. Çalışacağıq ki, qışda 3-4 transfer edək. Bizim tələblərimiz böyüyüb. Hansı rejimdə çalışdığımızı özünüz görürsüz. Keyfiyyətli futbolçulara say olaraq ehtiyacımız var.
- Qış təlim-məşq toplanışını harada keçəcəksiz?
- Böyük ehtimalla toplanışa Bakıda başlayıb Antalyada davam edəcəyik.
- Fasilə "Qarabağ"ın oyun ritmini poza bilər?
- Ola bilər. Amma inanın ki, hazırda futbolçularımızın istirahətə ehtiyacı var. Əksinə, fasilə faydalı da ola bilər. Futbolçuların hər biri həm fiziki olaraq, həm də psixoloji olaraq yorulublar. Oyun ritmində bir az geri qala bilərik. Amma düşüncə olaraq məncə, udacağıq.
Elçin Əlixan
saytlarin hazirlanmasi
