"Qarabağ" hansı sxem, hansı sistemlə oynasaydı belə, "Nyukasl"a qarşı şansı yox idi" - Ağdam klubunun sabiq futbolçusu

17:48 - 22 Fevral 2026

"Qarabağ"ın "Nyukasl"a 1:6 hesablı məğlubiyyətinin heç bir səbəbi yox idi. Açıq danışsaq, bu görüşdə komandamızın heç bir şansı yox idi. Bunu hamımız gözəl başa düşürdük. Erkən vurulan qollar "Qarabağ"ı daha da sarsıtdı. Onlar özlərinə gələ bilmədilər. Bu matçda hansı sxemlə, hansı sistemdə oynasaydılar da, xeyri olmayacaqdı. "Qarabağ"ın futbolçuları sanki meydançaya məğlubiyyəti hissi ilə çıxmışdılar. Hələ yaxşı ki, ilk hissədə hesab daha da böyük olmadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Ramal Hüseynov deyib. O, Azərbaycan çempionunun Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la görüşündən gözləntilərini də söyləyib: "Hansı nəticəni gözləmək olar ki? Sadəcə böyükhesablı məğlubiyyət olmasın. Yalnız bunu istəyirəm. Amma təbii ki, "Qarabağ"ın bu cür turnirdə, bu yerlərə gəlməsi bizim üçün böyük nəticədir. Amma hamı bilir ki, "Liverpul", "Nyukasl", "Çelsi", bunlar çox böyük və güclü komandalardır. "Qarabağ"ın bu yerlərə gəlməsi də komandamızın turnirdə elə çempion olması kimi qəbul edilməlidir. Bu, həqiqətdir".

Hüseynovun fikrincə, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda Misli Premyer Liqasında 2-ci pillədə olsa da, "Sabah"ı qabaqlayaraq liqanı yenə də çempion kimi başa vuracaq: "Qarabağ" yenə də yerli liqada istəyərsə, çempion ola bilər. Yerli liqada hələ də "Qarabağ"a rəqib yoxdur, bunu hamı gözəl bilir. "Qarabağ"ımıza uğurlar arzu edirəm. Allah qoysa, hər şey yaxşı olar. İkinci pillədə olsalar da, inanıram ki, yenidən liderliyə yüksələcəklər".

Mirbağırağa
 

Xəbər xətti