Qınayanlar və təşəkkür edənlər - professordan, şairdən, azarkeşə qədər

11:39 - 20 Fevral 2026

Hələ "Nyukasl"la oyundan qabaq şair Şəhriyar Del Gerani Qurban Qurbanov barəsində qınaqlarla dolu yazı qələmə almışdı. Hər iki kəlməsindən biri "biabırçılıq" olan şair nəinki ölkəmizdə, son illər Avropada da adından kifayət qədər söz etdirmiş məşqçiyə necə danışmağı, necə açıqlamalar verməyi öyrətməyə qalxmışdı. 

Dünən də ictimai-siyasi saytların birində memarlıq üzrə elmlər doktoru Elçin Əliyevin açıqlaması çıxdı qabağıma. Sən demə, professor müəllim Qurban Qurbanovdan üzrxahlıq gözləyirmiş. "Nyukasl"la oyundan sonra həvəslə əyləşib "CBC Sport"un qabağında ki, Qurban Qurbanov xalqdan üzr istəyəcək belə məğlubiyyətə görə. Bu baş verməyincə, açıqlama vermək qərarına gəlib. 

Bəlkə də, "Nyukasl" məğlubiyyətindən sonra bu səpkidə başqa danışanlar da olub... Dahilərin birindən kitab oxumağın ona nə verdiyini soruşublar. O da cavabında kitab oxumaqla həddini bilməyi öyrəndiyini deyib. Yəni, cahil cəsarətiylə danışan adamla kitab-qələm adamı arasında fərq yoxdursa, cəmiyyət üçün əsl faciə məhz budur! 

Acınacaqlı məğlubiyyətdən sonra "Qarabağ"a və Qurban Qurbanova təşəkkür edənlər də az olmadı. Buralara qədər dişlə-dırnaqla gələn komandaya mənfi nə deyə bilərsən axı... Bu, Del Geranidən Nizam Gəncəvi olmağı, professor Elçin Əliyevdən də Lütfi Zadə səviyyəsinə qalxmağı tələb etməyə bənzəyər. Adekvat düşünənlər bilir ki, idmanda da, elmdə də, ədəbiyyatda da hərənin imkanları bir yerə qədərdir. 

Nə "Qarabağ" heç vaxt "Mançester Siti"olmayacaq, nə də Qurban Qurbanov Qvardiola. Lakin bundan daha yaxşı "Qarabağ" görməyə ümidimiz var. Amma birdən-birə yox. Buralara gəlmək üçün Qurban Qurbanovun da, "Qarabağ" rəhbərliyinin də illərə söykənən əziyyəti var. Bundan o tərəfə yalnız addım-addım getmək mümkündür. Yenə də böyük əziyyət və səylə. 

Həmid

Xəbər xətti