Qurban Qurbanov "Qarabağ"a iki mərkəz müdafiəçisi aldırır - SON DƏQİQƏ

23:19 - 20 Fevral 2026

"Qarabağ" yayda iki mərkəz müdafiəçisi alacaq. Bu, Qurban Qurbanovun qərarıdır. Təcrübəli mütəxəssis komanda üzvləri ilə görüşündə atacağı addım barədə onları məlumatlandırıb.

Sportal.az xəbər verir ki, o, adları açıqlamasa da, bildirib ki, hazırda bir neçə legionerlə bağlı araşdırma aparır.

Qurbanovun narahatlığı tam təbiidir. Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Nyukasl” ilə keçirilən oyunun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadə mövsümü qapadıb.

Tibbi müayinələrin nəticəsinə əsasən, onun sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Bəhlulun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir. Bu da o deməkdir ki, Mustafazadə üçün sezon artıq başa çatıb.

Ümumiyyətlə, "Qarabağ" Çempionlar Liqasında kifayət qədər qol buraxıb. Uzağa getmədən, "Liverpul" və "Nyukasl"la görüşləri xatırlamaq kifayətdir. "Köhlən atlar" ingilislərlə matçlarda qapısında üst-üstə 12 qol görüb. (Sportinfo.az)

Xəbər xətti