Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov azerisport.com saytına geniş müsahibə verib. Sportal.az saytı xəbər verir ki, Axundov ölkədə yayımlanan futbol verilişləri ilə bağlı da fikirlərini bölüşüb:
"Futbol verilişləri mövzusuna toxunmaq istərdim. Futbol həvəskarı kimi mən onları tez-tez izləyirəm. Dövlət kanalında daim AFFA Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədov çıxış edir. Biz onunla çoxdan tanışıq, hələ o, Azərbaycan futzal çempionatının oyunlarını idarə edəndən bəri. Fürsət düşəndə ondan soruşacağam ki, niyə son altı ayda “Araz-Naxçıvan”a qarşı bu qədər neqativ münasibətdədir... Ondan bir dəfə də olsun müsbət fikir eşitməmişəm. Bilmirəm səbəbi nədir, amma üz-üzə görüşəndə mütləq soruşacağam.
Yaxud elə Tərlan Əhmədov. Söhbət bizim klubdan düşən kimi dərhal deyir: “Araz-Naxçıvan"da xaos var”. Futbol ictimaiyyəti bunları izləyir. Niyə bizim klub barədə belə mənfi obraz formalaşdırılır? Əgər Azərbaycan futbolu üçün bu qədər narahatsınızsa, onda bir az da müsbət nəsə deyin. Fürsətdən istifadə edib sponsorları yerli futbola dəstək olmağa çağırın.
Bizdə yaxşı futbol verilişləri də var. Məsələn, ATV kanalında Emin Abbasov və Ceyhun Rzayevin iştirakı ilə yayımlanan proqramlar. Orada çox maraqlı fikirlər eşitmək, nələrsə öyrənmək mümkündür.
Amma Məmmədova çatanda, bizim ünvana yalnız neqativ səslənir. Eyni ilə Əhmədov da heç olmasa yadına salsın ki, onu futbola kim gətirib. Bunu xatırlasa, bəlkə “Araz-Naxçıvan” barədə bu qədər neqativ danışmaz. Klubumuz hətta qalib gəldiyi oyunlardan sonra belə ciddi tənqid olunur. Onlar hansı xaosdan danışırlar?"
saytlarin hazirlanmasi
