“Şamaxı”nın kapitanı Arsen Ağcabəyov Sportal.az saytına müsahibə verib.
- “Şamaxı” son matçda “Karvan-Yevlax”a məğlub oldu. Həmin oyundakı məğlubiyyətinizin əsas səbəbi nə idi?
- “Karvan-Yevlax”a qarşı matçın çox çətin olacağını bilirdik. Çünki rəqib sonuncu pillədən ayrılmağa çalışır. Premyer Liqada qalmaq uğrunda mübarizə aparırlar. Bu cür komandalara qarşı daha diqqətli oynamaq lazımdır. Biz çox üstün futbol oynadıq, lakin ani diqqətsizlikdən qapımızda qol gördük. Sonradan “Karvan-Yevlax” müdafiəyə qapandı və biz geri dönüş edə bilmədik.
- “Şamaxı” artıq Premyer Liqada yerini təmin edib. Həmçinin Avropa yarışlarına vəsiqə qazana bilməyəcəksiniz. Təzyiq olmadan matçlara daha rahat çıxdığınızı deyə bilərik?
- Bəli, Premyer Liqadakı yerimizi qorumuşuq. Ancaq bu, bizi arxayınlaşdırmamalıdır. Çünki peşəkar futbolçu öz komandasını və karyerasını düşünməlidir. Ona görə son tura qədər mübarizəmizi aparacağıq.
- Ayxan Abbasov mövsümün sonunda baş məşqçi vəzifəsindən ayrılacaq. Bu, komanda üçün pis xəbər idi?
- Əlbəttə, bu, həm klub, həm də futbolçular üçün pis xəbərdir. Ayxan Ababsov çox yaxşı kollektiv qurmuşdu. Komandada ab-hava əla idi. Əlbəttə ki, bunun mənfi tərəfləri hamımız üçün olacaq.
- Bu mövsüm “Şamaxı”da ardıcıl və müntəzəm oynayan oyunçulardan birisən. Milli komandaya çağırılacağını gözləyirdin? Ümumiyyətlə, Ayxan müəllim səninlə milli komanda haqda “Şamaxı”nın məşqləri zamanı söhbət edib heç?
- Əlbəttə, hamı milli komandada oynamaq istəyir. Bu da özümüzdən asılıdır. Özümüzü yaxşı tərəfdən göstərməliyik ki, milli komandaya düşək. Kim milli komandaya layiqdirsə, Ayxan Abbasov onu da dəvət edir. Mən də milliyə layiq olmaq üçün çalışacam.
- Qarşıdakı mövsüm səni başqa komandada görəcəyik, yoxsa müqavilən var və “Şamaxı”da qalmaq istəyirsən? Başqa klublardan təkliflər var?
- “Şamaxı” ilə müqaviləm mayın sonunda bitəcək. Hələ ki başqa komanda haqda danışmaq istəmirəm. Müqaviləmin sonuna qədər bu klub üçün mübarizə aparacam. Sonda isə fikirləşəcəyik.
- Bu mövsüm Premyer Liqada legioner limitinin ləğvindən sonra oyunların daha çətin keçdiyi deyilir. Bu barədə fikrin necədir?
- Bəli, bu mövsüm yerli futbolçular üçün çətin oldu. Bizə düşən xarakter göstərərək, yerimizi möhkəmkəndirməkdir.
Mirbağırağa
