"Bu yay Azərbaycandan müəyyən təkliflərim var idi. Lakin mənim “Ozgon”la müqavilə qüvvədədir. Bütün diqqətimi də bu komandadakı çıxışıma yönəltmişəm. Futbolda hər şey çox tez dəyişə bilər, ona görə də gələcəkdə nə olacağını indidən demək çətindir. Hazırda əsas məqsədim komandama kömək etmək, mövsümü uğurla başa vurmaq və mümkün qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdır".
Bu sözləri Sportal.az saytına açıqlamasında Qırğızıstanda legioner həyatı yaşayan Orxan Əliyev deyib. "Ozgon"un forvardı komandasının çempionatdakı şanslarından bəhs edib: "Düşünürəm ki, mövsümə pis başlamamışıq. Hazırda liderdən cəmi 3 xal geri qalırıq və qarşıda hələ çox oyun var. Əlbəttə, hər zaman daha yuxarı pillədə olmaq istəyirik. Komandamızın potensialına inanıram və düşünürəm ki, daha yaxşı nəticələr əldə edə bilərik. Əlbəttə, daha çox qol vurmaq və özümü ən yaxşı tərəfdən göstərmək istəyirəm. Hər bir hücumçu üçün bombardir olmaq böyük motivasiyadır və mən də bunun üçün əlimdən gələni edirəm. Amma mənim üçün ən vacibi komandanın uğurudur. Bu mövsüm daha çətindir, çünki artıq rəqiblər məni tanıyırlar və mənə qarşı daha diqqətli oynayırlar. Buna baxmayaraq, hər oyunda özümü inkişaf etdirməyə və komandama maksimum fayda verməyə çalışıram. çempionluq şansımız kifayət qədər yüksəkdir. Hazırda xal fərqi böyük deyil və qarşıda bizi çox maraqlı ikinci dövrə gözləyir".
Mirbağırağa
