"Boli və Sessi dostlarımdır, onlara qarşı oynamağı səbirsizliklə gözləyirəm" - MÜSAHİBƏ

12:22 - 11 Sentyabr 2026

"Qəbələ"nin müdafiəçisi Natan Monzanqo Sportal.az saytına müsahibə verib.

- “Qəbələ" bu mövsüm ilk qələbəsini qazandı. “İmişli” ilə görüşdəki qələbəni necə şərh edərdin?

Qələbə qazanmaq əla hissdir. Düşünürəm ki, oyun azarkeşlər üçün xoş və maraqlı idi. Son dəqiqəyə qədər mübarizə apardıq və bu cür oyundan sonra üç xal qazandığımız üçün çox şadam.

- Baş məşqçi bu matçdan əvvəl Kaxaber Tsxadadze istefaya göndərilmişdi. Onun gedişi sizdə müsbət hisslər yaratdı? Necə oldu ki, o, vəzifəsindən gedən kimi qalib gəldiniz...

Baş məşqçinin gedişi barədə ötən həftənin əvvəlində məlumat əldə etdik. Bu, kədərli xəbər idi və ona ən yaxşısını arzulayıram. O, mənə çox şey verdi və mən həmişə ona minnətdar olacağam. Şəxsən onun gedişi mənim üçün heç bir pozitiv emosiya vermdi. Mən diqqətimi cəmləmişəm və oyun gününə hazır olmaq üçün mümkün qədər yaxşı hazırlaşmağa çalışıram.

- Növbəti turdakı rəqibiniz "Kəpəz" olacaq. Onları səfərdə məğlub edə biləcəksiniz? Bu mövsüm "Kəpəz"ə qarşı onların yeni stadionunda oynamaq çətin görünür?

Növbəti oyunumuz "Kəpəz"ə qarşı, onların stadionunda olacaq. Onların çox yaxşı azarkeşləri və gözəl stadionu olduğunu gördüm. Düşünmürəm ki, asan olacaq. Heç bir oyun asan keçmir. Yaxşı hazırlaşacağıq ki, hazır olaq və Qəbələyə üç xalla qayıda bilək.

- Azərbaycan Premyer Liqası sizin üçün nə dərəcədə maraqlıdır? 

Əvvəllər də Azərbaycan Premyer Liqasına qoşulmaq üçün bir neçə şansım var idi. Amma heç vaxt alınmadı. Bu gün burada oynadığım üçün çox xoşbəxtəm və bu klubla böyük uğurlar qazanmağı səbirsizliklə gözləyirəm.

- Azərbaycan Premyer Liqası əvvəllər oynadığınız liqalardan daha güclüdürmü? "Amiens", "Rizespor", "Pau" kimi klublarda oynamısınız. Azərbaycana gəlməyi karyeranızda eniş, yoxsa yüksəliş hesab edirsiniz?

Türkiyə Premyer Liqası ilə yanaşı, bu, yəqin ki, oynadığım ən güclü liqadır. Buradakı rəqiblər çox keyfiyyətlidir. “Turan Tovuz”dan başqa hələ ən böyük klublarla qarşılaşmaq şansım olmayıb və onlara qarşı oynamağı səbirsizliklə gözləyirəm.

- Azərbaycan Premyer Liqasında oynayanlar arasında tanıdığınız oyunçu var? 

Bəli, burada bəzi dostlarım var. Artıq onlardan birinə, "Turan Tovuz”un yarımmüdafiəçisi Stiv Beusnardla oynamaq şansım olub və digər dostlarımla - "Araz Naxçıvan"da Şarlz Boli və "Neftçi"də Sessi Dalmeyda ilə qarşılaşmağı səbirsizliklə gözləyirəm.

- İndiyə qədər Konqo Demokratik Respublikasından Azərbaycanda 5 futbolçu oynayıb, siz 6-cl konqolusunuz. Onlardan yalnız 2-si Konqo Demokratik Respublikası milli komandasında oynayıb - Nqoy Bomboko və Lema Mabidi. Amma onlar Azərbaycanda oynayarkən bunu etməyiblər. Bəs siz, Azərbaycanda oynayaraq Konqo milli komandasına dəvət ala bilərsiniz?

Əlbəttə ki, buna qadir olduğuma inanıram. Bu, mütləq mənim məqsədlərimdən biridir: bir gün milli komandaya çağırılmaq. Amma bunun üçün yaxşı çıxış etməli və komandama mümkün qədər kömək etməliyəm ki, milli komandanın məşqçisi məni çağırmaq qərarına gəlsin.

Mirbağırağa
 

Xəbər xətti