"Qəbələ", "Bakı" və "Qarabağ" Türkiyədə baş verən hadisəyə biganə qalmadı

20:25 - 15 May 2014

Başımız sağ olsun!
 
Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində yerləşən kömür mədənində baş verən qəzada 300-ə yaxın insan dünyasını dəyişib.
 
Sportal.az xəbər verir ki, Premyer Liqada mübarizə aparan 3 klub- "Qəbələ", "Qarabağ" və "Bakı" bu hadisəyə biganə qalmayaraq, rəsmi saytlarında qardaş ölkəyə başsağlığı veriblər:
 
"Qəbələ": "Qəbələ İdman Klubunun kollektivi Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsi ərazisindəki kömür mədənində baş verən qəzada çox sayda insanın həlak olması və yaralanmasından kədərlənir, faciə ilə əlaqədar qardaş ölkənin acı gününə şərik olur.
Klubumuz Türkiyə xalqına, həlak olanların ailələrinə və doğmalarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağlamlığına qovuşmasını arzulayır.
Allah rəhmət eləsin!"
 
"Bakı":  "Dünən Türkiyədə baş verən faciə hər birimizi sarsıtdı. Belə ki, qardaş ölkənin Manisa əyalətinin Soma şəhərindəki mədəndə baş verən güclü qəza 300-ə yaxın türk qardaşımızın itkisi ilə nəticələndi. Hazırda şaxtada qalan digər işçilərin axtarışı isə davam etdirilir.
“Bakı” Futbol Klubu faciə qurbanlarının xatirəsini əziz tutaraq, qardaş Türkiyə Cumhuriyyətinə dərin hüznlə başsağlığı verir".
 
"Qarabağ": "Türkiyənin Manisa əyalətinin Soma bölgəsindəki kömür şaxtasında meydana gələn qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına, bütün qardaş ölkəyə başın sağ olsun deyirik! Qəzadan yaralı qurtulan şəxslərin tezliklə şəfa tapacaqlarına ümid edirik! Türk xalqının bu ağır günündə onların acılarını paylaşırıq!
Başımız sağ olun, Türkiyə!"

Xəbər xətti