Şahin Diniyev "Kəpəz"in milliyə dəvət alan futbolçularından danışdı

15:30 - 18 May 2016

"Belə davam edərsə, yığmanın heyətində möhkəmlənə bilər"
 
Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada keçirəcəyi təlim-məşq toplanışında “Kəpəz”in də üç üzvü iştirak edəcək.
 
Sportal.az xəbər verir ki, Tərlan Quliyev, Namiq Ələsgərov və Budaq Nəsirov seçməmizin baş məşqçisi Robert Prosineçkinin dəvət göndərdiyi 29 futbolçu arasında yer alıb.
 
Gəncə klubunun baş məşqçisi Şahin Diniyev klub saytına açıqlamasında milliyə cağırılan yetirmələri adına sevindiyini bildirib:
 
“Komandanın məşqçisi kimi futbolçularımızın ölkənin əsas komandasına dəvət almasına şadam. Gördüyümüz işin və komandanın göstərdiyi oyunun müqabilində oyunçularımızın milliyə çağırılması xoşdur. Onların hər üçünə uğurlar arzulayıram və inanıram ki, “Kəpəz”i yığmada layiqli şəkildə təmsil edəcəklər. Milliyə mütamadi olaraq klubumuzdan oyunçuların dəvəti komandamızın səviyyəsindən xəbər verir. Belə görünür ki, biz işimizi düzgün istiqamətdə qurmuşuq və inkişaf edirik. Bu səbəbdən də futbolçularımız milli məşqçilərinin diqqət mərkəzinə düşür”.
 
Tərlanla Namiqdən fərqli, Nəsirov əsas yığmaya ilk dəfə dəvət olunub. Gənc futbolçu əvvəllər müxtəlif yaş qrupları üzrə millilərə çağırılsa da, əsas yığmaya dəvət almayıb:
 
“Budaq komandadakı oyunu ilə özünü sübut edib. Onun millinin start heyətinə düşməsə belə, yığmaya namizəd olması sevindiricidir. Nəsirov yığmada ilk addımlarını atır, zəhmətsevər, meydanda sona kimi mübarizə aparan futbolçudur. Belə davam edərsə, yığmanın heyətində möhkəmlənə bilər”.
 
Qeyd edək ki, yığmamız toplanış müddətində Andorra, Makedoniya və Kanada ilə yoxlama oyunu keçirəcək.

Xəbər xətti