Şahin Diniyev: "Budaq Portuqaliyada möhkəmlənmək üçün çox güc sərf etməlidi"

16:37 - 25 İyul 2016

"Budaq həqiqətən də, perspektivli və əməksevər futbolçudu"

 

Bu gün Portuqaliyanın "Sportinq” klubu ilə 5 illik müqavilə imzalayan Budaq Nəsirovun ölkəmizdə oynadığı sonuncu klub Gəncənin "Kəpəz” komandası olub.
 
Sportal.az "Kəpəz”in baş məşqçisi Şahin Diniyevin gənc futbolçumuzun Portuqaliya klubuna keçməsi ilə bağlı fikirlərini öyrənib. Təcrübəli mütəxəssis "sarı-göylər”in heyətində möhtəşəm oyun sərgiləyən futbolçu ilə bağlı bunları deyib:
 
"Budaq həqiqətən də, perspektivli və əməksevər futbolçudu. Ustalıq səviyyəsi az olsa da, meydanda gördüyü işlər bütün səhvlərinin üstünü örtür.  Budaq "Kəpəz”də oynayan zaman meydanın hər qarışı uğrunda canını qoymağa hazır idi. Etiraf edək ki, gənc futbolçumuz "Kəpəz”də çox "artırdı”. Ötən mövsümün əvvəlində onu komandaya götürməkdə tərəddüd edirdim. Ancaq bütün oyunlarda ona şans verdim. Bilirdim və inanırdım ki, "artıracaq”, yaxşı futbolçu olacaq”. 
 
Şahin Diniyev Budaqın Portuqaliyada uğur qazanacağına inandığını da əlavə edib: "Mənim fikrimcə, ilk aylar Budaq üçün çətin olacaq. Yeni ölkə, ailə və dil problemi. Ancaq onun davam gətirəcəyinə inanıram. Budaq Portuqaliyada möhkəmlənmək üçün çox güc sərf eləməlidi və çox şeyi qurban verməlidi. İnanıram və ümid edirəm ki, bunu bacaracaq. Budaqa uğurlar arzulayıram”.

Xəbər xətti