"Başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır"

11:21 - 26 May 2017

“Finlandiya millisinin baş məşqçisi olan zaman 4 dəfə Azərbaycan yığması ilə üz-üzə gəlmişəm. Bilirəm ki, Azərbaycan çempionatının səviyyəsi normaldı”.

 

Sportal.az xəbər verir ki, bu sözlər Cənubi Afrika Respublikası millisinin baş məşqçisi Stüart Baksterə məxsusdur.

 

Mütəxəssis millinin səfərdə Nigeriya ilə keçirəcəyi 2019-cu il Afrika Millətlər Kubokunun seçmə oyunu üçün heyətini açıqlayıb. O, 25 nəfərlik siyahıya "Qarabağ"ın hücumçusu Dino Ndlovunun adını daxil edilməyib.

 

Bakster yerli mətbuata açıqlamasında Dinonun millidən kənarda qalmasını belə şərh edib: “İndiki vəziyyətə görə, məncə, balansı qoruyub, ən yaxşıları seçmişik. Amma Dino haqda fikirlərim müsbətdi. Mən bilirəm ki, Dino daim inkişaf edir və belə davam etsə, milliyə dəvət edəcəm”.

 

Çalışdırıcı Dinonun çıxışını izlədiyini deyib: “İndiki vəziyyətdə Dinonun millidə oynayacağı ilə bağlı nəsə demək tezdir. Mən onun oyununu izləyirəm. Düzdü, Dino Azərbaycanda işini layiqincə görür, qollar vurur. Amma başa düşməlidir ki, İtaliyada yox, Azərbaycanda oynayır. Məncə, seçimimi vicdanla etmişəm”.

 

Qeyd edək ki, Ndlovu CAR millisində 4 oyun keçirib.

Xəbər xətti