2016-cı ildə Ramil Şeydayev "Zenit"dən ayrılaraq, "Trabzonspor"a transfer oldu. Həmin il gələcəyin ulduzu kimi qələmə verilən gənc furbolçu Azərbaycan millisini seçdi.
"Trabzonspor" Şeydayevi "qardaş əmanəti" kimi qələmə verərək, böyük jest etmişdi. Ancaq Ramil "bordo-mavililər"də ilk mövsümündə cəmi 1 dəfə Super Liqa matçında çıxış etdi. Digər oyunları isə ya ehtiyatda oldu, ya da adı iştirak ərizəsinə salınmadı. Belə olan halda hücumçu 2017-ci ilin fevralında Slovakiya "Jilina"sına icarəyə verildi. "Jilina"da start heyətdə möhkəmlənən hücumçu yaxşı başlanğıc götürdü. Ancaq daha sonradan Ramilin qara günləri başladı, əvəzedici heyətə düşdü. Getdikcə performansını aça bilməyən hücumçudan "Jilina" imtina etdi.
"Trabzonspor" Şeydayevi 2017-2018 mövsümündə "Qarabağ"a icarəyə verdi. Ramil Ağdam klubunda da özünü göstərə bilmədi və vaxtını əvəzedicilərdə keçirdi. Az hallarda meydana çıxan hücumçu cəmi 1 qola imza atdı.
Şeydayev yayda uzun müddət klub axtardı. Uqo Rodalleqa, Burak Yılmaz kimi hücumçuların yanında əmanətimizin şansı yox kimi idi. Bu səbəbdən də Trabzon klubu 22 yaşlı futbolçuyla müqaviləyə xitam verdi, milli üzvü azad agent oldu. Ramil bu an vacib qərar verdi, futbola başladığı Rusiyaya döndü və Premyer Liqa təmsilçisi "Krılya Sovetov"la 1 illik müqavilə imzaladı. Ancaq bu qədər müddət ərzində Ramil cəmi bir oyunda meydana çıxıb. O, 4-cü turda "Lokomotiv"lə qarşılaşmada 8 dəqiqə meydanda olub. 4-cü turun qarşılaşmalarından sonra isə Ramili görən tapılmır. Milli üzvünə kubok oyununda da şans verilmədi.
Ramil Şeydayev Rusiya futbol məktəbinin yetirməsidir. "Trabzonspor", "Krılya Sovetov" da bu kimi amillərə görə hücumçunu alıb. Forvard Rusiya yığmasının heyətində 19 yaşlılar arasında keçirilən Avropa çempionatının bombardiri olmuşdu. Ramillə Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında bir yerdə böyüyən Aleksandr Qolovin son dünya çempionatında parladı və bu yay Moskvanın ÇSKA klubundan "Monako"ya 30 milyon avroya transfer oldu. Lakin Ramil bu gün "Krılya Sovetov"da heyətə düşə bilmir, ehtiyatda qalıb. Rusiya mətbuatı 2 il öncə gələcəyin ulduzunu itirdiklərini yazırdı. Həmin ulduz hələ də parlamır. Bu gedişlə parladığını da görməyəcəyik.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi