Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” qrup mərhələsinin 4-cü turunda Ukrayna təmsilçisi “Vorskla”nın qonağı oldu. Poltava şəhərində baş tutan görüşündəki ab-havanı stadiondan yaşamaq mənə də nəsib olduğu üçün sevincli idim. Üstəlik, bu, ilk səfərim idi.
Noyabrın 6-sı saat 16:30-da böyük heyət Ukraynanın Poltava şəhərinə yola düşdü. Ön sıralarda əyləşən futbolçuların əksəriyyəti sıx təqvim səbəbindən yatırdı, bəziləri musiqiyə qulaq asır və film izləyirdilər. Ən çox diqqətimizi cəlb edən isə Donald Gerye oldu. Haitili futbolçuda az da olsa yorğunluq hiss olunmurdu. O, 3 saatlıq uçuşda komanda yoldaşları ilə zarafatlaşaraq, vaxt keçirirdi. Gerye geri dönən zaman da vaxtını şən keçirdi, bacardığı qədər əyləndi.
Kapitan Rəşad Sadıqov isə arxa sırada əyləşən jurnalistlərə baş çəkdi, bu sahədə saç ağartmış təcrübəli həmkarlarımızla müzakirələr apardı.
Yerli vaxtla 19:30-da Poltava hava limanına çatdıq. Kələ-kötürlü asfaltı olan aeroport kiçik idi. Çox az hallarda böyük təyyarələrin uçuşu Poltava hava limanında həyata keçir.
Hava limanında “Qarabağ”ı 30-a yaxın azarkeş qarşılamışdı. Onlardan əksəriyyəti tələbələr idi. Azarkeşlər bizimlə söhbət zamanı oyuna 300-dən çox azərbaycanlı fanatın gələcəyini dedilər.
Poltava 18-ci əsrdə Rusiya və İsveç arasında qanlı döyüşə şahid olub. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı. İkinci Dünya Müharibəsinin də həlledici döyüşlərindən biri bu şəhərə təsadüf edib. Şəhərin küçələrində, yollarında, divarlarında döyüş əzəməti görünürdü. Poltavada tarixi döyüşlərlə bağlı bir neçə abidə var.
Şəhər sakinlərini növbəti “döyüş” gözləyirdi. Poltava şəhərindəki Aleksey Butovski adına stadiondakı görüş “Qarabağ” üçün böyük önəm daşıyırdı. Qurban Qurbanovun komandası 1/16 finala yüksəlmək şanslarını qorumaq üçün mütləq qalib gəlməli idi.
Oyundan öncə keçirilən mətbuat konfransında “Vorskla”nın baş məşqçisi Vasili Saçko Azərbaycandan xeyli jurnalistin gəldiyini gördü və hər birimizi salamladı. Saçko “Qarabağ”ı və Qurban Qurbanovu yaxşı araşdırdığını, azarkeş dəstəyilə qələbəyə ümid etdiklərini dilə gətirdi. Sonda isə 43 yaşlı mütəxəssis azərbaycanlı jurnalistlərə üzünü tutub: “Biz Bakını sevdik. Sizi burda gördüyümüz üçün çox şad olduq. Poltava Ukraynanın ürəyidir. İnanıram ki, məmnun qalacaqsınız”, – deyərək, sağollaşdı. 20 yaşlı tərcüməçi bəzən səhvləriylə yadda qaldı. Həmkarımız Kənan Hakimov bəzi vacib məqamlarda gənc tələbəyə kömək edərək, çətin vəziyyətdən çıxardı.
Bir qədər sonra isə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin önünə çıxdı. Ukraynalı jurnalistlər də Qurbanovun mətbuat konfransını gözlədilər və mütəxəssisə bir neçə sual ünvanladılar. 2 yaşından Azərbaycanı tərk edən tərcüməçi mətbuat konfransı başa çatdıqdan sonra Qurban Qurbanovla yanaşı əyləşdiyi üçün olduqca sevincli olduğunu dilə gətirdi və bu səbəbdən də həyəcanlı olduğunu gizlətmədi.
“Qarabağ”ın mətbuat və azarkeşlər üçün açıq məşqinə Azərbaycanın Ukraynadakı fəxri konsulu Elşən Vəliyevlə ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev də izlədi. Onlar “Qarabağ”a dəstək olduqlarını və oyuna 300 azarkeşin gələcəyinə inandıqlarını dedilər.
Paytaxt Kiyevdən 350 km aralıda yerləşən Poltavada bahalı maşına az hallarda rast gəlmək mümkündür. Köhnə avtobuslar və trolleybuslar insanlara xidmət göstərir. Maşın siqnalını şəhərdə eşitmək mümkün deyil. Şəhər sakinlərinin çoxunun geyimləri brend və bahalı geyimlərdən olmasa da, üzləri gülürdü, xoşbəxt görünürdülər. Şəhərin küçələrində daha çox film, teatr tamaşalarının afişalarına rast gəlinirdi. “Vorskla” – “Qarabağ” oyununun bir elanını gördük. Sakinlər bunda problem görmədiklərini, oyuna maraq olduğunu və matça gedəcəklərini deyirdilər.
Şəhərin küçələrində qadınlar kişilərdən iki dəfə çox görünürdü. Bizim xanımları ukraynalı qızlardan fərqləndirən çox cəhətlər var. Ukraynalı zəriflər ictimai yerlərdə tam sərbəst gəzib, gözünüzün içinə baxaraq, deyib-gülürlərsə, bizdə xanımlar daha çox özlərini sıxırlar. Gecə saatlarında oturacaqlarda gitarada ifa edib, əylənən gənclərin qarşısına pul qoysaz, onlar bunu qəbul etməyəcəklər. Xoşbəxt olmaq, əylənmək onlar üçün hər şey deməkdir.
Tarixi şəhərdən xatirə üçün nəsə almaq lazım idi. Fikrimizdə maqnit suvenirlər nəzərdə tutmuşduq. Tarixi abidələri gəzdikcə döyüş nəfəsini hiss etmək, şəhərin köhnə küçələrində əzəməti görmək mümkün idi. Geyimlərdən başqa şəhərdə demək olar, hər şey ucuz qiymətə idi. Şəhərin ən görməli yeri Poltava döyüş muzeyidi.
Oyun günü “Vorskla”nın mətbuat katıbi Artyom Lobanovla yolda təsadüfən qarşılaşdıq. Özü bizi tanıdı, yaxınlaşdı və hal-əhval tutdu. Oyunda anşlaq olmayacağını deyən Lobanov, bunun səbəbini matçın start fitinin 22:00-a təyin edilməsində gördü.
Oyun günü “Qarabağ” rəsmiləri Bayraq Günü ilə əlaqədər olaraq, azərbaycanlı azarkeşlərə üçrəngli bayraqlar payladı. 400-dən çox fanat oyunda “Qarabağ”ı dəstəklədi.
Matçın ikinci hissəsində meydan sahibi azarkeşləri pirotexniki vasitələrdən istifadə etdilər. Bu da oyunda fasiləyə səbəb oldu. Ardından “Qarabağ” azarkeşləri də səhnəyə çıxdı. Bu dəfə isə baş hakim oyunçuları paltardəyişmə otağına yolladı və oyunda 10 dəqiqəyə yaxın fasilə yarandı.
Ağdam klubunun fanatları qadağan olunmuş vasitələri üsullu şəkildə keçirə bilmişdilər.
Oyun zamanı havanın temperaturu +1 dərəcə idi. Qarşılaşmanı stadiondan "CBC Sport"un əməkdaşı Gündüz Abbaszadə şərh edirdi. O, ikinci dəfə “Qarabağ”ın səfər görüşünü şərh edirdi. Bu dəfə də ssenari eyni oldu və ağdamılar 1:0 hesablı qələbə qazandı. İllərin təcrübəsi 2009-cu ildə “köhlən atlar”ın Finlandiya “Honka”sı üzərindəki qələbəsini ANS Radiosunda dinləyicilər üçün şərh etmişdi. Həyəcanlı şəkildə oyunu şərh edən Abbaszadə soyuq havanı hiss etməyən biri kimi görünürdü və məndən bir qədər uzaq olsa da, səsi ab-havada açıq şəkildə eşidilirdi. Baxmayaraq ki, media sektorundan aşağıda azarkeşlər əyləşmişdi.
Soyuq hava, sürüşkən ot örtüyü oyuna da təsir edirdi. Erkən qol isə oyunda həlledici oldu və “Qarabağ” 3 xalı qazana bildi. Bakıdakı oyunla müqayisədə start heyətdə dörd dəyişiklik var idi. Qapını qoruyan Hannes Halldorsson isə oyununun ən yaxşılarından biri oldu. İlk dəfə Avropa Liqasının qrup mərhələsi matçına çıxan 34 yaşlı islandiyalı qolkiper qələbədə önəmli pay sahibi oldu. Kapitan Rəşad Sadıqov isə 99-cu dəfə Avropa səhnəsinə çıxdı. Təcrübəli müdafiəçini avrokuboklarda 100-cü oyundan 1 addım ayırır.
Final fitindən sonra “Qarabağ”ın futbolçuları azarkeşlər tərəfə yollanaraq, qələbəni qeyd etdilər.
Oyunu izləməyə gələnlər arasında ağdamlı olan peşəkar boksçu Fariz Məmmədov da var idi. Poltavadan 240 km məsafədə yerləşən Çerkassı şəhərində səfərdə olan idmançı oyunu izləyənlər arasında idi. Məmmədov matç başa çatdıqdan sonra komanda üzvlərini təbrik etməyə yollandı.
Şaxtalı və dumanlı hava şəraiti səbəbindən saat 01:30 üçün Bakıya uçuş təxirə salındı. Əlverişsiz hava planları dəyişdi. Klub rəsmiləri isə hər şeyi qısa zamanda həll etdi. Otelə geri dönərkən 24 saat açıq olan marketin qarşısında gənclər hər zaman olduğu kimi, bu gecə də əylənirdilər. "Vorskla" şərfində olan azarkeş azərbaycanlı olduğumuzu görüb "Qarabağ çempion" deyərək, hamımızı salamladı və qələbə münasibətiylə təbrik sözlərini dedi.
Ertəsi gün isə “Poltava döyüşü”ndən üzüağ çıxanları hava gəmisi Bakıya apardı.
Mehman ƏŞRƏFOV
saytlarin hazirlanmasi