“Qapıçının keyfiyyətləri üstünlük təşkil edirsə, boya o qədər də önəm vermirəm”

14:39 - 8 Fevral 2019

UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş “Sabah”ın əvəzedici komandasının qapıçılar üzrə məşqçisi Kamil Qafarov Sportal.az saytına müsahibə verib.
 
- Fəaliyyətinizə necə başladınız?
- “Rəvan”ın mərhum vitse-prezidenti Müşfiq Səfiyevlə komandanın baş məşqçisi Vladislav Qədirovun təkidiylə qapıçı məşqçisi işləməyə başladım. “Rəvan”la paralel olaraq, “Vətən” klubunda da çalışırdım. Vəziyyət elə alındı ki, hər ikisindən çıxmalı oldum. “Rəvan” fəaliyyətini dayandırdı. “Neftçi”nin U-19 komandasında işləməyə başladım, baş məşqçi Bəhram Şahquliyev idi. “Neftçi”də yaxşı iş görməyə çalışırdıq. Məşqçilərlə inkişaf proqramı hazırlamışdıq, hər şeyin üzərində çalışırdıq. İş daha da yaxşı olacaqdı. Ancaq Tərlan Əhmədovun gəlişindən sonra hər şey dəyişdi. Bu da baş məşqçinin qərarıdır. Mən “Neftçi”ni tərk etməli oldum. Ayrıldıqdan sonra I Divizion təmsilçisi “Xəzər”in baş məşqçisi Elşad Əhmədov mənimlə əlaqə saxladı.
 
- “Neftçi”dən ayrılmağınıza səbəb nə dedilər?
- Səbəb bilinmədi. Həqiqətən də cavabını bilmirəm. Tam səmimi deyirəm, nəsə olsaydı, açıqlayardım. Məşqçilərdən çoxunun çıxarılmasının səbəbi bəlli oldu. Ancaq mən özüm bilmədim ki, niyə çıxarılmışam. Sözün düzü, orada uzun müddət qalmaq fikrim yox idi, lakin getmək qərarını mən vermədim. Öz istəyimlə getmədim.
 
- “Neftçi”dən sonra I Divizionda ötən mövsümü çempion tamamlayan “Xəzər”də işləməyə başladınız.
- Məni Elşad Əhmədov dəvət etdi. Onunla danışdım, söhbət etdim, planlardan söz açdıq. Onunla “Xəzər”də işləmək çox xoş oldu. II dövrəyə başlayanda 8-ci idik, liderdən 19 xal geridə qalırdıq. Lakin yekunda çempion olmağı bacardıq. 
 
- Sizcə, “Xəzər” Premyer Liqada çıxışını davam etdirə bilərdi?
- Səbəbini bilmirəm, bizdən asılı olmayan hallardır. Divizion üçün güclü komanda idik. Heyəti bir qədər də gücləndirib Premyer Liqada çıxış etmək olardı. Klubun fəaliyyətini nə üçün dayandırdığını bilmirəm.
 
- “Sabah”ın əvəzedici komandasında çalışırsınız. İşinizdən razısınız?
- Razıyam. Baş məşqçi Vasif Haqverdiyevlə birgə işləyirəm. Klubun fəaliyyətindən, bizə göstərdiyi qayğıdan narazı deyilik, hər şeydən məmnunuq.
 
- UEFA-nın A kateqoriyalı məşqçi kurslarını müvəfəqqiyətlə başa vuraraq diplom aldınız. Gələcək planlarınız necədir?
- Maddi imkanım yetsə, xaricə seminarlara getmək istəyirəm. Çalışıram ki, ingilis dilini öyrənim. Müəyyən səbəblərə görə dil kursuna hazırda gedə bilmirəm. Ancaq fikrim var ki, ingilis dili kursuna gedim. Maliyyə durumum imkan versə, dayanmadan savad artırmaq və öz üzərimdə işləmək istəyirəm.


 
- Bəzi mütəxəssislər hesab edir ki, Azərbaycanda qapıçı yetişmir. Gələcəkdə milli səviyyəsinə qədər yüksələ biləcək qapıçınız var?
- Hazırda belə qapıçılarımız var. Ad çəkmək istəmirəm. Həmin uşaqlarla işləyirik. Qiymət verən olsa, onlarda potensial görən tapılsa, miliyə layiq yaxşı qapıçılar olacaq.
 
- Məsələn, deyirlər ki, Kamil Qafarov yüksək səviyyədə qapıçı olmayıb, onun yetişdirdiyi qolkiper necə olacaq? Sizcə, qapıçı məşqçidə nəzəriyyə güclü olmalıdır, yoxsa praktika?
- Bunlar yanlış fikirlərdir. Özünüz də görmüsünüz ki, karyerası zəngin olmayan futbolçu dahi məşqçi olub. Bu o demək deyil ki, o, məşqçi olmayacaq. Fikrimcə, praktika daha vacibdir. Qapıçıya baxıb onda keyfiyyətləri görməlisən. Zəif və müsbət cəhətlərinə baxmaq lazımdır. Zəif nöqtələrinin üzərində necə işləməyi bilməlisən. Üç qapıçı ilə işləyən zaman birinə baş qarışanda digərləri yaddan çıxa bilər. Proqrama uyğun olaraq, bir məşqdə hər üç qapçının çatışmayan cəhətlərində çalışmaq lazımdır. Nəzəriyyəni də bilmək lazımdır. Məncə, nəzəriyyə o dərəcədə dərindən olmasa da, olar. Ancaq praktikadan axsaqlıq olsa, işləri keyfiyyətli həyata keçirə bilməyəcəksən. Praktika bu baxımdan daha vacibdir. Bunu izləmişəm, sınaqda keçirmişəm. Qapıçı ilə dil tapmaq, onunla çalışmaq lazımdır.
 
- Məşqdə hər üç qapıçı ilə çalışmağa vaxt çatır?
- İşi düzgün planlaşdırsan, əlbəttə, çatır. Baza şəraiti olsa, lap yaxşı olar. Məşqdən sonra 30-40 dəqiqə qalıb bir az da çalışmaq olar. Qapıçıya yük düşməmək şərtiylə bunu etmək lazımdır. Baza olmayanda çətinliklər olur. 
 
- Sizin rəhbərliyiniz altında olmuş ən yaxşı qapıçı kimi hesab edirsiniz?
- Aydın Bayramovla Tərlan Əhmədlini qeyd edərdim. Yaxşı inkişaf etdilər. Bir zaman heç kimə lazım olmayan qapıçılar qabağa getdilər. U-21 millisinin üzvü olublar. Tərlan Premyer Liqada da çox oyun keçirib. Qapıçının özündə də xarakter olmalıdır. Hər şey məşqçidən asılı deyil. Aydın Bayramovda olan perspektiv bir çox qapıçıda yoxdur. Hər şeyi tez qavrayır. Müasir qapıçılara xas olan mövqe oyunu və digər xırdalıqlar onda formalaşıb. Bir az xarakterini düzəltsə və inamını artırsa, ondan çox yaxşı qapıçı olacaq. Hələ 22 yaşı var, gələcəyi qabaqdadır.

 
- “Rəvan”da Lukaş Sapela ilə də çalışmısınız. Polşalı barədə fikirləriniz maraqlı olardı.
- Ölkəsində “Belşatov” klubunda çıxış etmişdi və kapitan idi. Müəyyən səbəblərdən komandaları dağılmışdı. Qapıçı kimi həddən artıq çox peşəkar idi. İlk vaxtlar onunla çətinlik çəkdim, ancaq sonradan öyrəşə bildim. Qapıçını inkişaf etdirmək və onu formada saxlamaq çətindir. Kimsə fikirləşirsə, qolkiperi inkişaf etdirmək çətin, peşəkar formada saxlamaq asandır, yanlış fikirləşir. Peşəkar qolkiperi formada saxlamaq üçün onun bütün keyfiyyətlərini detallarına kimi bilməlisən. Onu sabit saxlamaq üçün necə işləməyi bilməlisən. Sapela “Rəvan”da pis çıxış etmədi. Komandanı xilas etməyi bacarırdı. Səhvlər hər zaman olur, qaçılmazdır.
 
- Qapıçının çərçivədə inamlı olması üçün nələr lazımdır?
- Bu, doğulandan olan vergidir. Oynadıqca qapıçıda olan inam artır. Ancaq futbolçuda istək olmalı, ürəklə çıxış etməlidi. Biz qapıçını 10 faiz motivasiya ediriksə, 90 faiz də özündən asılı olmalıdır. Bu, elə bütün idmançılara aiddir, tək qapıçılara yox. Əgər özünü motivasiya edə bilmirsə, xarakterində problem var. Məşqçi həm də psixoloq olmalıdır. Bu, tam fərqli işdir.
 
- Yəqin ki, zəhmətkeş və tənbəl qapıçılarla işləmisiniz. Məşqə ürəklə yanaşmayan qolkiperlər sizi həvəsdən salırlar?
- Belə qapıçılar var. Məsələn, Tərlan Əhmədli çox zəhmətkeş oğlandır, daim öz üzərində çalışır. Qapıçı da var işini yaxşı görür, ancaq 30-40 dəqiqəlik məşqdən sonra davam etmir, hazırlığı bununla tamamlayır. Lakin elə qapıçı da var ki, məşqçi onu danlayanda, məşqdən sonra qalıb öz üzərində çalışır. Bu da xarakterdən irəli gəlir. Ən güclü xarakteri elə Tərlan Əhmədlidə görürəm. Qavrama qabiliyyəti elə də güclü olmasa da, əzmkarlığı, istəyi, döyüşkənliyini onu qabağa aparır.


 
- Dünya futbolunda hansı qapıçılar daha çox diqqət çəkir?
- Ən bəyəndiyim qapıçı Edvin van der Sar olub. O, mənim kumirim idi. Hazırda isə bir çox qapıçını bəyənirəm. Böyüş beşlik ölkələrində çıxış edən bir çox qapıçını bəyənirəm. Onların oyunlarından həzz alıram. Məktəb görmüş, uşaqlıqdan yaxşı yetişdirilmiş qapçılardır.
 
- Müasir futbolda qapıçının boyuna və ayaqla yaxşı oynamasına üstünlük verilir. Sizin fikirləriniz necədir?
- Çoxları boyu qabardır. Qapıçının keyfiyyətləri üstünlük təşkil edirsə, boya o qədər də önəm vermirəm. Qapıçı var ki, boyu 1.90 metrdir, ancaq özündən 10 sm kiçik qolkiperin çıxışlarını edə bilmir. Boyu 1.80 metr olan qapıçılar var ki, düzgün mövqeylərdə olurlar və yaxşı keyfiyyətləri malikdirlər. Əgər qapıçının boyu 1.80-1.82 metrdirsə, mənim üçün kifayət edir. Bir çoxları razılaşmır ki, boyu balacadır, nə bacarığı ola bilər, ancaq mənə görə, yaxşı keyfiyyətləri varsa, kifayətdir.
 
Mehman Əşrəfov

Xəbər xətti