Məlum olduğu kimi, U-19 çərşənbə axşamı İspaniyadan geri döndü. Yığma Mursiya şəhərindəki birhəftəlik toplanış zamanı üç yoxlama oyununda qüvvəsini sınadı. İspaniya və Şotlandiyaya eyni hesabla (0:2) uduzan milli yalnız “Ranero”nun 19 yaşlılarını darmadağın (6:1) etdi. Həmin görüşdə yığmanın 4 qolunun müəllifi Musa Qurbanlı oldu. Dünən Qurbanlı ilə əlaqə saxlayıb, İspaniyadakı toplanışla bağlı söhbətləşdik. Müsahibimizin Qurban Qurbanovun oğlu olduğunu nəzərə alsaq, təkcə hazırlıq prosesi haqda suallarla kifayətlənməməyimiz təbiidir.
- Öncə İspaniya toplanışı haqda fikirlərini öyrənmək istərdik. Mursiya toplanışı necə keçdi?
- Yaxşı keçdi. Normal hazırlaşdıq. Əvvəlcə Bakıda yığışdıq, daha sonra İspaniyaya yollandıq. Yoldaşlıq oyunlarında qüvvəmizi sınadıq. İspaniya və Şotlandiya ilə çətin qarşılaşmalarımız oldu. Bundan başqa, “Ranero” ilə yoxlama görşündə üz-üzə gəldik. Ümumilikdə toplanışı müsbət dəyərləndirərdim. Düşünürəm ki, bu oyunların bizə böyük köməyi dəyəcək. Qazandığımız təcrübə elit mərhələdə işimizə yarayacaq. Komandada ab-hava yaxşıdı. Hər şey qaydasındadı. Elit mərhələdə isə məqsədimiz qrupdan çıxmaqdı.
- Baş məşqçi qeyd edib ki, həm gedəndə, həm də gələndə 16 saat yolda olduq, futbolçular uyğunlaşma ilə bağlı problem yaşadı. Komandaya bu amillərin təsiri oldu?
- Əlbəttə, uzun yol yorğunluq yaradır. Gedəndən sonra çox vaxtımız da olmadı, fevralın 12-də ilk oyunumuzu keçirdik. Az da olsa, bunların təsiri oldu.
- İspaniya və Şotlandiya ilə bizim yığma arasındakı fərq nə dərəcədə böyükdü?
- Fərq istər-istəməz olacaq. Çünki ortada səviyyə fərqi var. Onların oynadığı çempionata, çıxış etdikləri klublara nəzər salmaq kifayətdi. Rəqib futbolçuların keçdiyi məktəblə bizimki eyni deyil. Bu da səviyyə fərqinin göstəricisidi. Əsasən də İspaniyanı qeyd edərdim. Onların oyunçuları “Barselona”, “Real”, “Mançester Siti” kimi Avropanın aparıcı klublarında top qovurlar. Dediyim kimi, keçdikləri məktəblə, şəraitlə bizimki bir deyil. Bu da səviyyə fərqində özünü göstərir. Ancaq biz də istəkliydik, komanda şəklində döyüşürdük, vuruşurduq. Onlara qarşı əlimizdəın gələni elədik. Düzdü, rəqibdən geri qalırdıq, lakin maksimum şəkildə mübarizə apardıq.
- Bəs “Ranero” haqda nə deyə bilərsən? Bu komanda ilə görüşdə poker etdin...
- Təbii, İspaniya və Şotlandiyaya baxanda, bu rəqib bir qədər aşağı səviyyədə idi. Digər matçlarla müqayisədə həmin komanda ilə oyunumuz daha rahat oldu. Lakin hər görüşə ciddi yanaşırıq. Bizim üçün fərqi yoxdu, rəqib hansı gücdədi. Meydana çıxırıqsa, var gücümüzlə mübarizə aparırıq. Qələbə həmişə xoşdu, qol vurmaq da hər zaman yaxşıdı.
- Həm İspaniya, həm də “Ranero” ilə görüşdə komanda yoldaşların penaltini dəyərləndirə bilmədi. “Nöqtə”yə yaxınlaşmamağının səbəbi nədi? Komanda yoldaşlarının yaşı, yoxsa başqa amil qarşını kəsir?
- Kiminsə qarşısını kəsmək və ya yaş söhbəti deyil. Məşqçilər belə qərar verib. Biz də məşqçilərin tapşırığını meydanda yerinə yetiririk. Hazırlıq prosesinə uyğun belə qurulur. Futboldu, bəzən penaltini dəyərləndirmək mümkün olmur. Hamının başına gələ bilər. Əsas odu, elit mərhələdə belə imkanları qaçırmayaq.
- Klubunda penaltini sən vurursan?
- Olanda vururam.
- Elit mərhələdəki rəqiblərlə bağlı fikirlərin necədi? Püşk atılandan sonra həmin komandaların oyunlarını izləyirsiz? Yoxlama oyunlarında qarşılaşdığınız İspaniya və Şotlandiya ilə elit mərhələdəki rəqibləri müqayisə edərdin.
- Məşqçilər həmin komandaların oyunlarını təhlil edir, arada bizə də göstərirlər. Yəqin ki, elit mərhələyə qədər təhlilləri davam etdirəcəyik. Hər halda, yaxşı komandalardı. Onlar da bizim kimi elit mərhələyə vəsiqə qazanıblarsa, deməli, Avropanın zəif yığmaları deyil. Rusiya, İrlandiya, eləcə də Rumıniya güclü komandalardı. Bizim üçün çətin olacaq. Ancaq əlimizdən gələni edəcəyik. Düşünürəm ki, biz də onlardan çox geri qalmırıq. Bizim də yaxşı kollektivimiz var. Müqayisəyə gəlincə, ola bilər ki, İspaniya səviyyəcə onlardan üstün olsun. Amma həm ispanlarla, həm də şotlandlarla görüşdəki mübarizəni elit mərhələ oyunlarında da göstərsək, qrupdan çıxa biləcəyimizə inanıram.
- Musa, bir qədər də kareyran haqda danışaq. Legioner həyatı yaşamaq haqda düşünürsən?
- Əlbəttə, hər bir futbolçu Avropanın yaxşı klublarında oynamağı arzulayar. Bu daha çox özümdən asılıdı. Özümü yaxşı tərəfdən göstərsəm, çalışsam, hər halda, qabağa gedə bilərəm.
- Bildiyimizə görə, Zaqreb “Dinamo”sunun skautları səni izləyib və hətta toplanışa da dəvət almısan, lakin getməmisən.
- Mənim bu haqda tam məlumatım yoxdu. Belə məsləhət biliblərsə, elə də olacaq. Xeyirlisi nədisə, o olsun.
- Özünü “Qarabağ”ın əsas heyətində görürsən? Ümumiyyətlə, bu haqda düşünürsən?
- Yenə deyirəm, hər şey özümdən asılıdı. Üzərimdə çox işləsəm və nə vaxt hazır olsam, hər halda, məşqçilərimiz izləyirlər, daha yaxşısını onlar bilirlər. Hazır olanda ən düzgün qərarı məşqçilər verəcək. Mənə düşən öz üzərimdə işləyib, var gücümlə çalışmaqdı.
- “Neftçi”ni “Qarabağ”a dəyişməyin öz istəyindən irəli gəldi, yoxsa Qurban Qurbanov amili bunda həlledici oldu?
- Hər halda, tək öz istəyim olsaydı, bu baş verməzdi. Çünki gəldiyim klubun məşqçiləri istəməliydi ki, gələ bilim. Belə deyim, qarşılıqlı oldu.
- Atanla eyni mövqeyin oyunçususan. Necə düşünürsən, sizin oyununuz bir-birinə bənzəyir? Elə bir cəhət var ki, atanda var idi, səndə yoxdu və ya əksinə?
- Onun oyunlarını izləmək şansım elə də çox olmayıb. İnternetdə bir qədər görmüşəm. Sadəcə, əlimdən gələni edəcəm ki, daha çox qol vurum.
- Hansı məşhur hücumçunun oyununu bəyənirsən?
- Ən çox xoşladığım futbolçu braziliyalı Ronaldodu. Həmişə internetdə onun oyunlarını izləyirəm. Doğrudu, hazırda da güclü forvardlar var. Lakin Ronaldo Nazario daha çox xoşuma gəlir. ("futbol+")
saytlarin hazirlanmasi