Sənan Qurbanov: "Belə komandalara qarşı oynamaq çətindir"

19:06 - 19 Aprel 2019

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

“Çətin oyun olacağını bilirdik. Çünki rəqibimiz yaxşı komanda idi. “Zirə”nin öz oyun üslubu var. Belə komandalara qarşı oynamaq çətindir. Futbolçularımız həm müdafiədə, həm hücumda verilən tapşırıqları yerinə yetirməyə çalışdılar. Bunun daha çox alındığını söyləmək olar. Üzərində çalışdığımız elementlərdən qol vurduq. Bu, bizi sevindirən amildir. Oyunçuları təbrik etmək istəyirəm. Zədəli futbolçularımız bu gün meydana çıxdılar, mübarizə apardılar, xarakter göstərdilər. Növbəti matça hazırlaşacağıq".

 

Qurbanov oyunun ilk hissəsinin sonlarında zədələnərək, meydanı tərk edən Dmitri Bezotosnının durumu barədə bunları deyib: "Dmitri Bezotosnı bizim üçün çox vacib futbolçudur. Futbolda zədələrdən qaçmaq olmur. İlkin müdaxilə edilib. Yaxın günlərdə müayinədən sonra zədənin nə dərəcədə ciddi olacağını biləcəyik".

 

Gənc mütəxəssis Elvin Camalovun oyunundan razı qaldığını sözlərinə əalvə edib: "Nəinki “Səbail”lə oyun, hər qarşılaşma bizim üçün vacibdir. Hər oyun üç xaldır. Bilirdik ki, futbolçular cəzalı duruma düşə bilər. Oyunçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik. Onlara qaydalar çərçivəsində aqressiv oynamağı və emosiyaları düzgün bölməyi tapşırırıq. Elvin Camalov meydanda böyük iş gördü. Aldığı sarı vərəqə üçün onu qınamaq olmaz”.

Xəbər xətti