Azərbaycan Premyer Liqasında XXV turun “Sabah” – “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib:
- Oyun haqda çox danışmaq olar. İlk hissə yaxşı oynadıq. Bu mövsüm "Neftçi"dən xal ala bilməmişik. Qırmızı vərəqə epizoduna yenidən baxacam.
- Təmkin Xəlilzadənın qovulmasına səbəb nədi?
- Daxili intizamı pozub. Klubdaxili məsələ olduğuna görə açıqlamaq düz olmaz. Səhvi varsa, cəzalandırılmalıdı. Bu yaxınlarda daha dolğun açıqlama veriləcək.
- İlk qolda Saşa Stamenkoviçin səhvi var idimi?
-Qol epizodunda səhvi var idi, çıxara bilərdi. Saşa bizim üçün lazımlı futbolçudu. Biz 3-cü yerə qalxanda bu futbolçuların rolu yüksək idi.
- İki hissə arasındakı bu qədər fərqin olması qırmızı vərəqəylə bağlıydımı?
- Bəli. "Neftçi" kimi komandaya qarşı azlıqda oynamaq çətindi.
- Mövsümü belə bitirsəz, rəhbərlik razı qalacaqmı?
- Çempionata başlayanda əsas məqsədimiz liqada qalmaq idi. Yuxarı yerlərdə olmaq istəyirik. Bacardığımız qədər irəliləmək istəyirik. Çempionat qutaranda rəhbərlik son fikrini deyəcək.