Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ı evdə 1:0 hesabı ilə məğlub edən “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qələbəni şərh edib:
“Zirə” ilə çempionatın ağır ev oyunundan sonra futbolçular bərpa dövrü keçdilər. Kubokda “Qarabağ” kimi güclü rəqibə qarşı oynayacağımızı bilirdik. Komanda həm hücumda, həm müdafiədə tapşırıqları yerinə yetirdi. “Qarabağ”la görüşdə taktiki səhv edirsənsə, rəqib yerində cəzalandırır. Son oyunları təhlil etmişdik. Çempionatda keçirdiyimiz görüşlərdə məğlub olmuşduq. Buna balaca konsentrasiya itkisi səbəb olmuşdu. Futbolçular məsuliyyətlə dərk etdilər. Bu, sadəcə olaraq ilk oyun idi. İkinci görüşdə daha güclü “Qarabağ”a qarşı oynamalı olacağıq. Ona görə də mərhələ adlamaq üçün bugünkündən daha yüksək səviyyədə oynamalıyıq".
Qurbanov futbolçuların taktiki cəhətdən düzgün oynadıqlarını deyib: "Çempionatın bütün matçlarında “Qarabağ”a uduzmağımız futbolçulara pis təsir etmişdi. Amma istər-istəməz oyunçularda uduzmamaq iradəsi yaranır. Həmin görüşləri təhlil etdik və çalışdıq ki, eyni səhvləri təkrarlamayaq. Futbolçular taktiki olaraq düzgün oynadılar. Bu, hələ başlanğıcdır. Bilirik ki, ikinci qarşılaşmada daha çətin olacaq”.
saytlarin hazirlanmasi