Azərbaycan şahmatçısı Teymur Rəcəbovun Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunun yarımfinalında rəqibi bəlli olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı qrossmeyster finala gedən yolda Fransa təmsilçisi Maksim Vaşye-Laqravla qarşılaşacaq.
Vaşye-Laqrav 1/4 final mərhələsinin "tay-breyk"ində ermənistanlı Levon Aronyanı məğlub edib.
Teymur Rəcəbov 1/4 finalda ABŞ təmsilçisi Ceffri Syuna qalib gəlmişdi.
Yarımfinal qarşılaşmaları 26 - 28 sentyabrda keçiriləcək.
Sentyabrın 10-da start götürən Dünya Kubokuna oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq.
Azərbaycanın digər şahmatçıları mübarizəni dayandırıb. Şəhriyar Məmmədyarovu 1/8 finalda məhz Teymur Rəcəbov üstələyib. Arkadi Naydiç 1/32 finalda almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov 1/16 finalda ABŞ təmsilçisi Leyner Dominges Peresə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova məğlub olub. Dünya Kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci il İddiaçılar Turnirində iştirak hüququ qazanacaqlar. Turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda, belə bir hüquqa yiyələnə bilər.
saytlarin hazirlanmasi