“APOEL erməni təxribatına qarşı nəzarətçilər ayırıb” - “Qəbələ”nin baş məşqçisi

16:29 - 1 Oktyabr 2019

“Səfər oyunlarında qol vurmaq önəm kəsb edir. Müdafiədə oturmaq niyyətimiz yoxdur. Kiprdə hücum futbolu oynamağı düşünürük”.

 

Sportal.az xəbər verir ki, bunu UEFA Gənclər Liqasının I mərhələsində Kiprdə APOEL-in qonağı olacaq “Qəbələ”nin baş məqçisi Famil Xəlilov deyib.

 

36 yaşlı mütəxəssis bildirib ki, oyuna yaxşı hazırlaşıblar: “Səfərdə qol vurmaq istəyirlər. İnanıram ki, komanda bunu bacaracaq və vətənə sərfəli nəticə ilə dönəcəyik. Komandamız oyuna çox yaxşı hazırlaşıb. Dünən burada günün ikinci yarısında məşqə çıxmışıq. Bu gün də bir məşqimiz olacaq. Belə matçlar üçün ən önəmli olan psixoloji hazırlıqdır ki, bu baxımdan problem yoxdur. Futbolçularımız harada olduqlarını və nəticənin nə qədər önəm kəsb etdiyini bilirlər. Oyuna taktiki-texniki cəhətdən də yaxşı hazırlaşmışıq. Rəqib müəyyən təcrübəyə malik komandadır. Onlar da mərhələni keçmək istəyirlər”.

 

“Qarabağ” bu ilin avqustunda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-in əsas komandası ilə oyun üçün Kiprə səfər edən zaman erməni təxribatı ilə üzləşib. Xəlilov Nikosiya təmsilçisinin bu cür halların baş verməməsi üçün tədbir gördüyünü söyləyib: “Artıq bir gündür buradayıq. Heç bir neqativ halla rastlaşmamışıq. APOEL rəhbərliyi bu işin üzərinə çox ciddi düşüb və komandaya nəzarətçilər ayırıblar. Məşqlərə rahat gedib-gəlirik, heç bir neqativ hal baş verməyib. Komanda ilə birgə şəhər gəzintisində də olmuşuq”.

 

Qeyd edək ki, oktyabrın 2-də Nikosiyadakı “Makarion” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq (Report).

Xəbər xətti