"Zirə"dən ayrılan Bəxtiyar Həsənalızadə Sportal.az-ın suallarını cavablandırıb:
- "Zirə" ilə müqavilən uzadılmadı. Klubdan sənə nə bildirdilər?
- Müqaviləm yayda bitdi. Yeni müqavilə təklif olundu, amma razılaşmadıq, buna görə də klubdan ayrıldım. "Zirə"dən narazılığım olmayıb, bu komandanın formasını geyinmişəm və kluba uğurlar arzulayıram.
- Yeni mövsüm başlayıb, amma klubsuzsan. Buna görə narahat deyilsən?
- Klubsuz qalmaq insanı narahat edir, ancaq ediləcək bir şey yoxdur, səbirli olmalıyam. İnanıram ki, yeni təklif olacaq.
- "Sumqayıt"dan təklif aldığın barədə söz-söhbətlər var idi. Bu klubun tarixində ən çox oynamış futbolçulardan birisən. Niyə belə biganəlik var?
"Sumqayıt"dan təklif almamışam. Alsaydım, yəqin ki dəyərləndirəcəkdim. Bu klubdan mənimlə əlaqə saxlayan olmayıb. Biganəlik barədə isə deyəcəyim söz yoxdur. Yəqin ki, hər şeyin səbəbi var.
- Bir zamanlar milli komandaya qədər yüksəlmişdin. Harada yanlış qərar verdiyini düşünürsən? Səncə, "Zirə"yə keçidin səni geri salmadı?
- "Zirə"yə keçidimi geri addım hesab etmirəm. Sadəcə, özüm bəzi səhvlər etmişəm və bunlar da şəxsi məsələlər olub. İnsan bəzi səhvlərdən dərs çıxarır, təcrübə toplayır, dünyagörüşü artır. "Zirə"də əcnəbilərlə meydana çıxdım, məşq etdim. Bu, mənim üçün yaxşı təcrübə oldu.
- Boşda qalan kifayət qədər yerli futbolçu var. Klublar niyə onlara maraq göstərmir? Gətirilən əcnəbilər də kənarda qalanlardan üstün deyil...
- Həqiqətən də belədir. Bunu özümü kənarda qoyub deyirəm. Doğrudan da kənarda qalan futbolçular hazırda klublara kömək edə biləcək səviyyədədirlər. Sadəcə, klubların belə qərar vermələri mənə təəccüblü gəlir. Amil Yunanov, Nicat Süleymanov, Orxan Sadıqlı və digər futbolçulara indiki vəziyyətdə ehtiyac var. Ancaq onlar da klubsuz qalıblar.
- Əgər yerli klublardan təklif almasan, nə planın var?
- Real təklifim yoxdur. Sadəcə, danışıqlar ola bilər, agentlərlə əlaqədəyəm.
saytlarin hazirlanmasi