"Qəbələ" və "Səbail"in UEFA yarışlarına buraxılmamasının səbəbi açıqlandı

13:52 - 8 May 2021

"Qəbələ" və "Səbail" klublarının UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməməsinin səbəbi açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu barədə hər iki klubdan məlumat verilib. Əyalət təmsilçisinin prezidenti Fariz Nəcəfov bank təminatına görə avrokuboklara buraxılmadıqlarını söyləyib:

 

"Premyer Liqa və UEFA üçün bank təminatının sənədləri fərqlidir. Təbii ki, UEFA lisenziyası üçün rəqəm daha yüksəkdir. Biz isə Premyer Liqa üçün bank təminatı təqdim etdik. Komandamızın avrokubok şansı davam etsəydi, bank təminatı da buna uyğun olardı. Digər bütün meyarlarda sənədlərimiz tam qaydasındadır".

 

"Səbail"in icraçı direktoru Fərəc Əliyev də eyni səbəbdən UEFA yarışları üçün lisenziya almadıqlarını bildirib: "Bank təminatımız yalnız Premyer Liqa ilə bağlıdır. Növbəti mövsüm avrokuboklar üçün bank zəmanəti təqdim etməmişik".

 

UEFA yarışları üçün bank təminatı 500 min manatdır. Daha əvvəl AFFA Lisenziyalaşdırma Komissiyası "Səbail" və "Qəbələ"nin avrokuboklar üçün lisenziya almadığını açıqlayıb. (Report)

Xəbər xətti