"Qarabağ"ın direktoru: "Elə şeylər var ki, "Qarabağ"dan asılı deyildi" - MÜSAHİBƏ

18:48 - 27 May 2021

"Qarabağ" Azərbaycan Premyer Liqasının sonuncu turunda "Neftçi"yə uduzmaqla (1-0) 7 ildən sonra ilk dəfə mövsümü çempion kimi başa vura bilmədi. Məlum oyundan artıq bir həftədən çox vaxt keçir.

 

Komandanın hazırkı durumu, gələcək planları ilə bağlı komandanın direktoru Əmrah Çəlikəllə söhbətləşmək qərarına gəldim.

 

Əmrah bəy Sportinfo.az-a verdiyi müsahibədə bir çox suallara aydınlıq gətirmiş oldu.

 

- Əmrah bəy, ardıcıl 7 çempionluqdan sonra "Qarabağ" titulu "Neftçi"yə təhvil verdi. Mövcud duruma alışmaq çətin deyil?

- Konfrans Liqasında iştirak edəcəyik. Hər zamankı kimi məqsədimiz daha da irəliyə getməkdir. Hədəflərimiz dəyişmir. Çempionluq son oyunda getdi. Nə əskiklərimiz olduğunu analiz edirik. Davamlı olaraq Qurban Qurbanovla görüşüb danışırıq. Transferlərlə bağlı da işlər gedir. Çox istərdik ki, azarkeşlərimizi sevindirək, amma qismət olmadı. İstənilən halda bu bizim üçün gələcəyə daha çox motivasiya oldu ki, əskik tərəflərimizi görüb və ona qarşı tədbirlər görək.

 

- Adətən uzun müddətli hegemonluq edən klublarda ilk uğursuzluqdan sonra eniş yaşanır. Belə bir təhlükə "Qarabağ"ı da gözləyir?

- Bizim çox fədakar və çətin günlərdə dəstək olan rəhbərliyimiz var. Fərqimiz ondadır ki, belə vəziyyətdə daha çox bütünləşə bilirik. "Qarabağ" bir ailədir. İnanıram ki, hazırkı durumdan daha da güclənib çıxacağıq.

 

- Çempionluğu itirdiyiniz oyunun sonrası istər "Qarabağ" rəhbərliyi, istərsə də məşqçilər və futbolçular heyəti heç nə olmayıbmış kimi soyuqqanlı görünürdü. Hazırda komandada ab-hava necədir?

- Başda baş məşqçimiz olmaqla orda məğlubiyyətlə qəbullandıq. Uduzmağı da bacarmaq lazımdır. Bir şeyi vurğulayım ki, yeni çempionluq çempionata da rəng qatmış oldu. "Neftçi" komandasına da Çempionlar Liqasında uğurlar arzulayıram. İnşallah uğurlu nəticələrlə bizləri sevindirərlər. Bizim etdiklərimizin daha da artığını bacarsınlar. Bir azərbaycanlı kimi bizlər də sevinək. İndi əsas olan oturub götür-qoy edirik ki, nələri düz etmədik. Ancaq bu vəziyyətdən daha güclü çıxmalıyıq. Bütün hədəflərimiz bu istiqamətdədir.

 

- Nələri düz etmədiyinizi götür-qoy etdiyinizi dediniz. Sizcə, nələri düz etmədiniz?

- Elə şeylər var ki, "Qarabağ"dan asılı deyildi. Hakim səhvləri və ya buna bənzər başqa səbəblər olsun. Bunlar "Qarabağ"dan asılı məsələlər deyildi. Amma bu, o demək deyil ki, "Qarabağ" hər şeyi 100% düz etdi, ancaq hakim səhvlərindən uduzdu. Əlbəttə, bu da düzgün yanaşma deyil. Deyə bilərəm ki, özümüz üçün yetərincə analizlər aparmışıq. Bunun ətrafında da danışırıq. Çox gözəl baş məşqçimiz var. Sadə bir insandır. Bununla bərabər işini çox yaxşı bilir. Hər şeyi bir yerdə danışıb, rahat analiz edirik.

 

- Son illər avrokuboklar vaxtı bütün fikirlər, müzakirələr "Qarabağ"a yönəlirdi. Çünki bu komandadan gözlənti çox idi. Hətta israrla qruplardan çıxması belə tələb olunurdu. "Neftçi"nin çempion olması ilə sanki bu yük "Qarabağ"ın üzərindən götürülüb. Düşünmürsünüz ki, təzyiqlərdən, böyük gözləntilərdən uzaq olub, yaxşı dincəlib və daha güclü "Qarabağ" olmaq yolunda bu il çempionluğun əldən getməsi komandaya faydalı ola bilər?

- Təbii ki, çempionluğun əldən getməsi bizim üçün motivasiyadır. 7 illik çempionluqdan əvvəl biz neçə illər çempion ola bilmədik. Amma böyük səbrlə gözlədik. Xüsusi ilə sponsorlarımızı qeyd etməliyəm. Nəticələr olmadğında belə sponsorumuz Azərsun yanımızda oldu. Sponsorumuzun fərqi ondandır ki, nəticə olmadığında belə bizləri bir yerə yığa bilir. Gələcək uğurlar üçün motivasiya edə bilir. Bizlər də futbolçularımızı motivasiya edə bilirik. Bizlərdə "dost dar gündə bəlli olar" məsəli var. Xoş gündə yanımızda olanlar əlbəttə, bizimlədilər. Amma çətin gündə komandaya dəstək olmaq lazımdır. Bu ilk günlərdən bizim şuarımız olub. Başverənlərin yaxşı tərəflərini götürərək dərs çıxarmaq və qarşıdakı oyunlara baxmaq lazımdır.

Xəbər xətti