Uzun illər Azərbaycanda oynamış, “Neftçi”, “Bakı”, "Simurq", “İnter”(hazırkı “Keşlə”), “Qəbələ”, “Sumqayıt” klubları ilə yanaşı milli komandamızın da şərəfini qorumuş Aleksandr Çertoqanov Sportal.az saytına müsahibə verib.
Hazırda futboldan kənar, bizneslə məşğul olan veteran futbolçu Azərbaycan futbolu haqda danışıb:
- Maraqlıdı, nəyə görə futbol sektorunda qalaraq, məşqçi və ya başqa vəzifədə işləməyi seçmədiniz?
- Yəqin ki, Ukraynada mənim şansım az olardı. Azərbaycanda işləmək? Ailəmə görə getməli idim.
- Azərbaycan futbolu ilə maraqlanırsınız? Kənardan Azərbaycan futbolu necə görünür?
- Əlbəttə ki, daima Azərbaycan futbolu ilə maraqlanıram. Millinin oyunlarına, çempionata və klubların avrokubok matçlarına baxıram.
- Əksər futbol azarkeşləri, bir neçə il əvvəl keçirilən və sizin də iştirak etdiyiniz çempionatların hazırkindən daha güclü olduğunu bildirir. Razısan? O vaxtı nə var idi ki, indi yoxdu?
- Yəqin ki, o vaxtı futbol funksionerlərinin futbola marağı daha böyük idi. Azərbaycan futboluna daha böyük sərmayələr qoyurdu. Azarkeşlərin də oyunlara marağı yüksək idi. Regionlardakı insanlar həmin bölgələrdə komandaların olmasını çox istəyirdilər.
- Azərbaycan Premyer Liqası haqda hansı fikirdəsən? Uzun illər “Qarabağ” hegemonluq etdi, ötən mövsüm isə “Neftçi” illər sonra çempionluq yaşadı. Səncə, “Neftçi” də “Qarabağ” kimi hegemonluq edə biləcək?
- Məncə, indi "Qarabağ" bir az zəifləyib. Bu səbəbdən də onunla bir neçə komanda rəqabət apara biləcək.
- Sənin üçün yad sayılmayan “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyunda “Olimpiakos”a uduzdu. Səncə, Bakıda “Neftçi” qalib gəlib növbəti mərhələyə yüksələcək?
- “Neftçi” oyun sarıdan “Olimpiakos”a heç də uduzmadı. Qol vurmaq üçün imkanları da var idi. “Olimpiakos” isə o qədər də güclü təsir bağışlamadı. Halbuki onlardan daha yaxşı oyun gözləyirdilər. Məncə, “Neftçi”nin Bakıda şansı olacaq.
- Hazırda “Neftçi”nin baş məşqçisi Samir Abasovdu. Onunla birlikdə millidə oynamısan. Ötən mövsümün gedişində “Neftçi”yə baş məşqçi təyin edildi, sonda komandaya titul qazandırdı...
- Samir yaxşı insandı, məşqçi kimi də yaxşı olduğunu göstərir. O, məsuliyyətli və zəhmətkeş biridi. Futbolçularla ümumi dil tapa bilir. Futbolu da yaxşı bilir. Ona görə də Samirin çox yaxşı məşqçi olacağına inanıram.
- Vaxtilə birlikdə çıxış etdiyin Aftandil Hacıyev, Elmar Baxşıyev, Ayxan Abbasov, Samir Abasov, Rəşad Sadıqov, Ramin Quliyev hazırda Premyer Liqada baş məşqçi kimi fəaliyyət göstərirlər. Yəqin ki, çempionatımızda onların işləməsi səni də sevindirir?
- Əlbəttə ki, bu cür gənc mütəxəssislərə şans verilməsi çox yaxşı haldı. Onlardan hər biri də yaxşı məşqçi ola bilər. Təbii ki, yaxşı funksionerlərlə birlikdə. Adını çəkdiklərinizin hər birini tanıyıram və onların hər biri də futbolu yaxşı bilir.
- Azərbaycan millisini hazırda Canni De Byazi çalışdırır. Görünən odur ki, italiyalı mütəxəssis də heç nə ilə kömək ola bilmir yığmaya. Səncə, millidəki əsas problem nədir?
- Millidə işləmək hər zaman çətindi. Çünki istənilən halda səviyyə tamam fərqlidi. Görünür ki, həm De Byazi, həm də futbolçular yaxşı nəticə göstərmək istəyir. Amma hələ ki, bu alınmır.
- Bir neçə gün əvvəl “Qarabağ”ın futbolçusu Filip Ozobiçin Azərbaycan milli komandasında oynamasına icazə verildi. Necə düşünürsən, xorvatiyalı millimizə kömək olacaq?
- Ozobiç pis futbolçu deyil. Amma oyununa nəzər salsaq, məncə, onun pik forması artıq gedib. Hazırda Ozobiç elə formada deyil ki, milli komandaya kömək etsin.
- Millidə oynadığın anları necə xatırlayırsan? Daima tənqid olunurdunuz...
- Tənqidlər çox idi. Yaxşı və pis anlar olurdu. Sadəcə biz daha çox məğlub olduğumuza görə, tənqidlər çox olurdu. Lakin millidəki matçları hər zaman çox yaxşı xatırlayıran.