Ayxan Abbasov: "Mərhələ adlamaq şansımız var" MÜSAHİBƏ

17:33 - 26 İyul 2021

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Sportal.az saytına müsahibə verib.

 

40 yaşlı mütəxəssis komandasının Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Serbiyanın "Çukariçki" klubu ilə keçirəcəyi cavab oyunu haqda danışıb:

 

- "Çukariçki" ilə oyunun hazırlığı necə gedir?

- Bu oyuna tam heyətlə hazırlaşırıq. Səfərdəki matçda Tellur Mütəllimovun cəzası var idi, artıq onun cəzası bitib. Zədəli futbolçumuz yoxdu, tam heyətlə məşq edirik. 

 

- İlk oyunda "Sumqayıt" müdafiə futbolu oynadı. Komanda oyuna tam hazır deyildi, yoxsa "Çukariçki"yə qarşı başqa cür oynamaq mümkün deyildi?

- Yoxlama oyunlarından sonra ilk rəsmi matçımıza çıxmışdıq. Rəqibin bizdən üstünlüyü var idi, onlar ölkə çempionatında oyun keçirmişdilər. Bu, futbolçuların hazır olmasına kömək edir. Uzun fasilədən sonra futbolçuların formaya düşməsi bir az çətindi. Yoxlama matçlarında demişdim, oyundan oyuna fərqli performans görürük. Bu da bizi sevindirir. Biz tək bir oyuna baxmırıq. Tutduğumuz plan futbolçuların inkişafı, çempionatda uğurlu çıxışı üçündü. Belə matçlar futbolçularımızın, klubumuzun inkişafı üçün önəmlidi. Çünki bəzi oyunçularımız avrokuboklarda debüt edir. Bunların hamısı, həm də səfərdə oynamağımız futbolçularda həyəcan yaradırdı. Müdafiə deyəndə ki, biz rəqibi tam təhlil etmişdik, üstün cəhətlərini, haradan necə hücum edəcəklərini bilirdik. Futbolçularımız hazır olmasaydı, onların qarşısını almaqda çətinlik çəkərdik. Səhvlərimiz var. O səhvlərin üzərində işləyirik ki, cavab görüşündə daha yaxşı oynayaq. Bizim komandada sırf müdafiə və ya hücum futbolu yoxdu. Həm hücum etməliyik, həm müdafiə olunmalıyıq. Bu gün müasir futbolda bu ikisindən birində zəif olan komandalar yaxşı nəticə əldə etməkdə çətinlik çəkirlər. Əlbəttə, öncə rəqibə uyğun oyun qurmuşduq. Məncə bu uğurlu oldu. Cavab qarşılaşmasında tam fərqli oyun göstərəcəyik. Doğma meydanda azarkeşlərimizin önündə oynayacağıq. Futbolçularımız oyundan oyuna daha yaxşı formada olacaqlar. İstədiyimiz planları həyata keçirməyə çalışacağıq.

 

- Cavab matçında necə oynamağı planlaşdırırsız? "Sumqayıt"dan hücum futbolu gözləmək olar?

- Oyun planımızı, necə oynayacağımızı demək düzgün olmaz. Bizim sırf özümüzə görə oyunumuz var. Bu, yalnız "Çukariçki" ilə matrça aid deyil. Ümumən komandamızın oyun fəlsəfəsini yeritmək istəyirik. Əvvəlki illərdən başlamış bir işdi, bu gün davam edir. Bəzi oyunlarda alınır, bəzən alınmır. Bu, futbolçuların performansından, rəqibin bizə nə qədər imkan verməsindən asılı olur. 

 

- "Çukariçki"nin oyununu gördüz, artıq rəqibi tanıyırsız. Sumqayıtdakı oyunda hansı nəticəyə ümid edirsiz?

- Biz komanda olaraq inanırıq. Mövsümə yaxşı başlamaq istəyirik. Futbolçularımın əzmkarlığı, məşqlərdəki istəyi məni sevindirir. Futbolçulaın inkişafı üçün belə oyunlar vacibdi. 

 

- "Sumqayıt"ın tarixi ərzində ilk dəfə mərhələ adlaqmaq şansı var. Bu şansı dəyərləndirmək nə qədər mümkündü?

- "Sumqayıt" son illərdə ilklərə imza atır. Bu gün məni sevindirən odur ki, komandamız Konfrans Liqasında mərhələ adlamaq haqda düşünür. Əvvəllər burada oynamaq xəyallarımızda idi. Ötən mövsüm Avropa Liqasında iştirak edib təcrübə qazandıq. Mərhələ adlamaq şansımız var, hər kəs inanır. Amma bu futboldu. Alına da bilər, alınmaya da. Alınmasa, bu, bizi ruhdan salmayacaq, daha da möhkəmlənəcəyik. Mərhələni keçsək, futbolçularda inam artacaq, klub olaraq daha tez inkişaf edəcəyik. "Sumqayıt"a gəldiyim gündən bu günə kimi komanda hər mənada inkişaf edib. Rəhbərliyin bizə böyük dəstəyi var. Mərhələ adlamaqla həm maddi gəlir əldə edərik, həm futbolçuların özünəinamı artar. Buna çox ehtiyacımız var. Alınsa, çox sevinəcəyik, alınmasa da yenidən yolumuza davam edəcəyik.

Xəbər xətti