Cavid Hüseynov: "Namiq Ələsgərovu əvəzləyəcək oyunçu yoxdu"

12:30 - 27 İyul 2021

Azərbaycan milli komandasının sabiq üzvü Cavid Hüseynov hələ ki, heç bir klubla müqavilə imzalamayıb. Sportal.az saytına açıqlama verən 33 yaşlı futbolçu yeniliyin olmadığını bildirib: “Sizin də bildiyiniz kimi heç bir yenilik yoxdu. Necə olacağını yaxın vaxtlarda biləcəyik. Onsuzda siz də biləcəksiniz”.

 

2010-2012-ci illərdə “Neftçi”də oynamış yarımmüdafiəçi sabiq komandasının Çempionlar Liqasının təsnifat mərhələsindəki çıxışından danışıb. O, “ağ-qaralar”ın “Olimpiakos”la Bakıda keçirəcəyi oyunu ilə bağlı fikirlərini bölüşüb:

 

"Əsas məsələ odur ki, “Neftçi” önəmli oyunçusunu itirdi. “Neftçi”yə qol lazımdı və aparıcı oyunçusu oynamayacaq. Ona görə də çətin görünür. Amma “Olimpiakos” səddini keçmək mümkünsüz də deyil. Vacib olan komanda ruhunu meydanda göstərməkdi.

 

“Neftçi”yə uğurlar arzu edirəm. Namiq Ələsgərova Allahdan şəfa diləyirəm, ona görə həqiqətən də çox pis oldum. Amma bilirəm ki, o, yenidən özünü toparlayacaq və öz gücünü göstərəcək.

 

Real danışsaq, bu dəqiqə Namiq Ələsgərovu əvəz edə biləcək oyunçu yoxdu. Lakin bu futboldur, şans qazanan oyunçu bundan maksimum istifadə edəcək".

Xəbər xətti