"Azərbaycan millisində oynamağa layiq olduğumu söyləsələr də, heç vaxt millidən dəvət almadım" - MÜSAHİBƏ

16:46 - 27 İyul 2021

2008-2010-cu illərdə “Xəzər Lənkəran”, 2010-2012 və 2013-2015-ci illərdə “Neftçi”, 2015-2019-cu illərdə isə “Keşlə” forması geyinən Denis Silva Kruz Sportal.az saytına müsahibə verib:


- “Neftçi” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında “Olimpiakos”la oyuna çıxacaq. Səfərdəki 0:1 hesablı məğlubiyyət “Neftçi”nin şanslarını nə dərəcədə azaldır?
- İlk oyunda çoxları “Neftçi”nin “Olimpiakos”a böyükhesabla uduzacağını gözləyirdi. Amma belə olmadı. Ona görə də “Neftçi”nin növbəti mərhələyə yüksəlmək şansı var. “Neftçi” evdə oynayacaq, qol vurmaq üçün hücuma atılacaq. Mən “Neftçi”yə həqiqətən də çox inanıram. 


- Evdə “Neftçi” “Olimpiakos”a qalib gələ bilər?
- Çempionlar Liqası oyununa çıxmağın özü böyük motivasiyadı. Elə növbəti mərhələlərə çıxmaq haqda düşünmək də gözəldi. Görünür ki, “Neftçi” növbəti mərhələyə yüksəlməyi çox istəyir, çox istəkli görünürlər. 


- “Neftçi”nin Çempionlar Liqasının qrup mərhələsinə düşməsi nə dərəcədə realdı?
- Bəli, bunu çox çətin hesab edirəm. Amma mümkünsüz də deyil. Meydanda hər şey mümkündü. Ona görə də gözləyək.

 

- “Neftçi”nin “Qarabağ”ın hegemonluğuna son qoyması sənin üçün sürpriz oldu? Samir Abasovun gəlişindən sonra “ağ-qaralar” çempion oldular. Abasov haqda hansı fikirdəsən?
- İnanın, mən hər zaman Samir Abasovun yaxşı məşqçi olduğunu düşünmüşəm. Onun “Neftçi”nin inkişafında, irəliyə getməsində çox köməyi olduğunu düşünürəm. Təbii ki, onun yaxşı futbolçuları var, hansı ki, dəstək olurlar, işini asanlaşdırırlar.


- Azərbaycana qayıtmaq fikrin var, yoxsa təklif yoxdu?
- Azərbaycandan təklifim yox idi. Əslində ikinci evimə qayıtmaq istəyirdim, amma təklif olmamasına görə təəssüflənirəm. Həm meydanda, həm də meydandan kənarda özümü çox xoşbəxt hiss edirdim. Azərbaycana qayıtmaq imkanım olsa, çox sevinərəm. Azərbaycanda yaşamaq fikrim yoxdu. Çünki mənim Braziliyada öz biznesim var. Burada mağazalar inşa etdirirəm. Ona görə də hər şeyi bir anda tərk edə bilmərəm. Ancaq mütləq Azərbaycanda bir az daha vaxt keçirmək istəyərəm. 


- Maraqlıdır ki, uzun illər Azərbaycanda oynasan da, heç vaxt milliləşdirilmək məsələn olmayıb. Səncə, niyə?
- Azərbaycanda keçirdiyim müddətdə ən kədərləndiyim məsələ Azərbaycan millisində oynamamağımdı. Amma bunu çox istəyirdim. Hətta pasport almağa da cəhd edirdim ki, Azərbaycan millisinə dəvət almaq şansım yüksəlsin. Amma alınmadı. Əksər insanlar Azərbaycan millisində oynamağa layiq olduğumu söyləsələr də, heç vaxt millidən dəvət almadım.

 

- Amma səndən fərqli olaraq, "Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç milli komandaya dəvət edildi. 
- Əgər onu dəvət ediblərsə, demək ki, millini yaxşı təmsil edəcək. Məni isə nəyə görə Azərbaycan millisinə dəvət etmirdilər, anlamıram. Azərbaycan millisinin formasını geyinməyi çox istəyirdim. Azərbaycan mənə qucaq açmışdı, çox şey qazandırmışdı. Bütün insanlarınıza təşəkkür edirəm.

Xəbər xətti