İdman ictimaiyyətinin diqqətinin Olimpiya oyunlarına yönəldiyi vaxtda “Sabah” klubunun bəyanatı gündəmi zəbt elədi. Bir müddət əvvəl ölkəmizin perspektiv vəd eləyən oyunçularından olan Bəhlul Musatafazadənin legioner həyatı yaşayacağına dair xəbəri sevinclə paylaşmışdıqsa, bu gün “Sabah”a istinadən həmin transferin baş tutmadığını kədərlə paylaşmalı olduq.
Hadisələri xronoloji ardıcıllıqla təsvir eləsək, Birləşmiş Ərəb Əmirlikləri klubu “Əl-Əyn” “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadəni transfer eləyib. Həm klublar arasında anlaşma rəsmiləşib, həm də Bəhlulla “Əl-Əyn” arasında 3 illik müqavilə imzalanıb. Bəhlul “Pre-contract” imzalasa da, FİFA-nın qaydalarına görə, ilkin müqavilə də hüquqi qüvvəyə malikdi. Razılaşmaya əsasən Musatafazadə iyulun 1-də tibbi yoxlanışa çağrılmalı olsa da, “Əl-Əyn”dən heç bir xəbər çıxmayıb. Qarşı tərəfin suslunluğunu görən futbolçunun təmsilçiləri bir neçə dəfə BƏƏ klubuna bildiriş yazsalar da, yenə heç bir cavab gəlməyib. Vəziyyətin belə olduğunu görən “Sabah” klubu hüquqşünası vasitəsi ilə duruma müdaxilə edincə, “Əl-Əyn”dən cavab gəlib ki, Bəhlul tələb olunan vaxtda tibbi müayinəyə gəlmədiyinə görə klub birtərəfli şəkildə müqaviləyə xitam verib.
Təbii ki, “Əl-Əyn”in arqumenti nə “Sabah”ı, nə də Bəhlul Musatafazadəni qane eləyib. Və belədə həm klub, həm də Bəhlulun özü FİFA-ya müraciət eləmək qərarına gəlib. Bizim araşdırmalarımızdan belə aydın olur ki, “Sabah” prosesi peşəkar şəkildə aparıb və bu “keys”dən böyük ehtimalla qalib ayrılacaq. Belə olacağı halda isə “Sabah” yaxşı qazanc əldə eləmiş olacaq. Bəhlul hələki transfer kağızını almasa da, onun da azad agent statusuna malik olacağı gözlənilir. “Əl-Əyn”in Bəhlula müqavilə ilə etməli olduğu ödənişi alıb-ala bilməyəcəyinə gəlincə, böyük ehtimalla o da müqavilə ilə ona çatmalı olan pulu tam alacaq. Bu isə 3 illik müqavilənin məbləği və 10 faiz agentlərə çatacaq puldur.
Məsələnin bu yerlərə necə çatmağına gəlincə, hər şey “Əl-Əyn”in Sergey Rebrovu baş məşqçi gətirməsindən sonra dolaşığa düşüb. Ukraynalı mütəxəssis kluba Bəhlulla müqavilə bağlandıqdan sonra gəlib. BƏƏ çempionatında legionerlərə limit olduğuna görə, heyətə daha güclü əcnəbiləri cəlb etmək istəyində olduğunu bildirib və klub rəhbərliyi Bəhluldan vaz keçmək qərarına gəlib.
saytlarin hazirlanmasi