Danimarkada oynayan: "Canni De Byazi məni millidə görmək istəyirsə, hər zaman zəng edə bilər" - MÜSAHİBƏ

13:27 - 28 İyul 2021

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasında çıxış etmiş, hazırda Danimarkanın “Randers” klubunda oynayan Onur Albayrak Sportal.az saytına müsahibə verib. Danimarkada dünyaya gələn türkiyəli futbolçu yığmaya böyük ümidlərlə cəlb edilsə də, sonradan yığmadan uzaq düşüb. Sol cinah müdafiəçisi bu dəfə Azərbaycanın əsas millisində oynamaq istəyindədi. 

 

- “Randers”də işlərin necə gedir?
- Hər şey normal gedir. “Randers”in ikinci komandasındayam hazırda. Amma əsas komandada məşqlərimi edirəm və Allah qoysa əsas komandada oynayacam. İndi yaxşı formadayam. Əslində bu yay “Hobro”ya və ya Avropada başqa ölkəyə gedəcəkdim. Sadəcə yüngül zədə aldım deyə, gedə bilmədim. İndi isə hər şey yaxşıdı, məşqlərimə davam edirəm.

 

- Azərbaycan A millisindən dəvət gələrsə, qəbul edəcəksən? 
- Əlbəttə ki, dəvət gələrsə qəbul edəcəm. Çünki Azərbaycan yığmasında oynamışam. Ona görə də millidə oynamaq istəyərəm. 

 

- Karyeranda yüksəliş gedəcəyi təqdirdə, Türkiyə millisində oynamağı düşünürsən, yoxsa Azərbaycan yığmasında oynamaq sənə maraqlıdı?
- Düzünü deyim, Azərbaycan millisini düşünürəm.

 

- Bəs səncə, Azərbaycan millisinin sənə ehtiyacı var?
- Azərbaycan millisinin oyunlarını izləyirəm. Bəli, məncə, millinin mənə ehtiyacı var. Ona əminəm. Ancaq təbii ki, hər şeyə baş məşqçi qərar verir. Canni De Byazi məni millidə görmək istəyirsə, hər zaman zəng edə bilər. Mən buna hazıram.

 

- Bunun üçün nə lazımdı?
- Azərbaycan millisinə cəlb olunmaq şansım ola bilər. Amma təbii ki, bunun üçün Danimarkada yüksək səviyyədə oynamalıyam. Bundan sonra dəvət gələr. Ancaq mən indinin özündə də yığmada oynamağa hazıram.

 

- Heç Azərbaycandan təklif, maraq göstərən oldu?
- Bəli, Azərbaycandan klublardan bir neçəsilə danışıqlar oldu. Amma hazırda Danimarkada yaxşı oynamağa çalışıram. Bəlkə də gələcəkdə Azərbaycanda gəlib oynayaram.

 

- Azərbaycan yığmasında çox oyun oynamasan da, daima toplanışlara dəvət alırdın. Hansı matçı daha yaxşı xatırlayırsan?
- İlk matçı. Çexiyaya qarşı keçirdiyimiz oyunu nəzərdə tuturam. Həmin matçda özümü göstərdim. Əslində daha yaxşı ola bilərdik. Sadəcə heyf ki, çox matç uduzduq.

 

-Sonradan nəyə görə yığmaya dəvət edilmədin?
-
 Bilmirəm. Yaşar Vahabzadə postundan getdikdən sonra yeni baş məşqçi fərqli oyunçuları görmək istədi millidə. Ona isə bir söz deyə bilmərəm, doğru deyil. Amma mən hər zaman Azərbaycan millisində oynamağa hazır olmuşam, indi də hazıram. Nə zaman dəvət gəlsə, gəlib Azərbaycan millisində oynayaram.

Xəbər xətti