Premyer Liqanın 5-ci turunda evdə "Qəbələ" ilə qarşılaşan "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov oyundan sonra mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, o, oyunu (0:0) şərh edib:
- Həqiqətən, yaxşı atmosfer var idi. Azarkeşlərimiz ilk dəqiqədən komandamızı yaxşı dəstəklədi. İki oyunu uduzsaq da, futbolçularda qələbə istəyini görürdüm. Oyundan məmnunam. Nəticə olacaq, buna inanıram. Bu gün məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. "Qəbələ" son oyunlarda yaxşı çıxış edir, onları bu matçda topsuz qoymaq çətin idi. Qol imkanlarımız oldu. İşlərimiz gedir, çempionat uzun marafondur. Hər xal önəmlidir. Növbəti oyuna hazırlaşacağıq. Son iki oyundur ki, üstünlük rəqibdə olur. Rəqiblərimiz bizdən bir gün çox istirahət edir. Təqvimdə dəyişiklik etmək olardı. Bizim oyunumuzu ayın 2-3-nə sala bilərdilər. Rotasiyalar edəcəyik.
- Təqvim hazırlananda PFL sizlə əlaqə saxlayırmı?
- Müzakirələr olur, amma son qərarı PFL verir. Həm "Qəbələ", həm də "Zirə" ilə matçda biz daha az istirahət edirik. Belə şeylərə diqqət etmək lazım idi. Həqiqətən, çətindir. Futbolçuların bərpası üçün vaxt lazımdır.
- "Zirə" ilə oyunun hazırlığı harda olacaq?
- Köməkçi meydançamız hələ hazır deyil. İşlər gedir. Əsas meydançamızı risk etmək istəmirik. Qarşıda U-21 millisinin də oyunu var. Yəqin ki, növbəti oyuna da Bakıda hazırlaşacağıq. Müvəqqəti çətinlikdir, bunun da öhdəsindən gələrik.
- Elvin Bədəlovun durumu nə yerdədir?
- Ağır görünür. Ümid edək ki, pis deyil. Gözləyəcəyik, müayinədən sonra son durumu bilinəcək. Əli Qurbaninin əzələsində dartılma olub. 2 həftə bizimlə olmayacaq.
- Son 3 oyundur qol vura bilmirsiz.
- Bizim çempionat elə də qollu deyil. Bu da ondan irəli gəlir ki, komandalar sıx oynayır. Səid Rza bizə yeni qoşulub. Xəzər Mahmudov da gəncdir. Əlinin zədələnməsi bizə çətinlik yaradır. "Qarabağ"la oyunun ikinci hissəsində qol imkanlarımız var idi, dəyərləndirə bilmədik. Çalışırıq, əsas odur ki, məzmunlu oyun var. Bu tempi çoxdandır görmürdük. "Qəbələ" də sürətli futbolu sevir. Maraqlı oyun alındı.