Ramin Musayev: "O azarkeşlərin xətrinə "Xəzər Lənkəran"ı Premyer Liqaya buraxmağa hazırıq"

“Xan Lənkəran”ın Region liqasında çıxışı, oradakı inkişafı, bugünlərdə “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovdan hüquqi adın alınması barədə görüşdən çıxan müsbət nəticə və s. detallar gündəmin ən maraqlı mövzularındandır.

Maraqlıdır, futbol coşqusu ilə rəğbət qazanan Cənub regionu təmsilçisi sürətlə dəyişir, iddialı addımlar atır. Bu gün məlum olub ki, klubun adının “Xəzər Lənkəran”a dəyişilməsi üçün həll edilməyi vacib olan meyarlardan biri – borcların ödənməsi də rəsmən açıqlanıb.

Proses belə inkişaf etdikcə fikrə bir məqam da gəlir – görəsən “Xəzər Lənkəran” qayıdacaq? Bəs Premyer Liqaya yüksəl(dil)əcək klublar arasında ola bilər?

Sportal.az xəbər verir ki, bu sualları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “FutbolPress” üçün cavablandırdı:

“Xan Lənkəran”ın “Xəzər Lənkəran”a çevrilməsi prosesini mən də izləyirəm. Mətbuatda bu haqda xəbərləri diqqətdən qaçırmıram. Borclar qaytarılıbsa, qalan başqa məsələlər də həll olunsa, biz buna sevinərik. Regionda futbolun bərpası üçün kimsə nəsə edirsə, biz tam dəstək olacağıq”.

Elə futbolpress.az saytına əvvəlki müsahibələrində toxunduğumuz “Xəzər Lənkəran” fəaliyyətini bərpa etsə, birbaşa Premyer Liqaya buraxılarmı” sualını Musayevə yenə ünvanladıq:

“Mən o vaxt da demişdim, indi də fikrimi təkrarlayıram, o azarkeşlərin xətrinə “Xəzər Lənkəran”ı Premyer Liqaya buraxmağa hazırıq. Əsas tələblər  - bank təminatı və komandanın peşəkarlaşmasıdır. Bunlar qaydasında olsa, istisna hal kimi -  dediyimizin üstündəyik”.

Musayev komandanın peşəkarlaşması meyarına toxundu. Xatırladaq ki, “Xan Lənkəran”/“Xəzər Lənkəran” hazırda Region Liqasında çıxış edir və komanda həvəskar statusdadır. Qaydalara görə, Premyer Liqaya peşəkar statusu (Büdcə, müqavilələr, təsisat və s.) olan klub buraxıla bilər. Musayevin vədi nə qədər cazibəli səslənsə də, güman ki, adıçəkilən klub RL-dən sonra I Divizionda da iştirak etməlidir. Lakin Azərbaycan futbolunun reallıqları daim qaydanın şablonuna tabe deyildir...

Tarix: 14 Fevral [15:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio