AFFA-nın Futbolun İnkişafı Fondu (FİF) ilə bağlı yeni iddia ortaya atılıb.
Sportal.az xəbər verir ki, hazırda ölkə xaricində yaşayan, Türkiyə mərkəzli “Pelikan” agentliyinin rəhbəri Rəsul Şükürsoy bildirir ki, qurumun fəaliyyətində rəhbər tutulan ideyaları hələ 2018-ci ildə irəli sürüblər. O, Futbolpress.az saytına açıqlamasında həmin vaxtkı fəaliyyətlərindən danışdı:
“Hamı bilir ki, biz 2018-ci ildə ictimai əsaslı, bölgəyə məxsus klub ideyası ilə fəaliyyətə başlamışdıq. Həmin modeli də Lənkəranda tətbiq etmək istəyirdik. İndi "Xan Lənkəran” klubu var. Bu adla, ancaq idarə modeli fərqli, bölgəyə məxsus klub ideyası ilə çıxış edirdik. Həmin video (FİF-in icraçı direktoru Tural Piriyevin “ARB24”ə açıqlamasını nəzərdə tutur – red.) önümə təsadüfən çıxdı. Adını, soyadını unutduğum icraçı direktorunun açıqlamasına baxdım. Onun dediklərinin hamısı, nöqtə vergülünə qədər bir vaxt bizim çıxışlarımızda olan nüanslardır. Yeni heç nə yoxdur. Biz bunları 2018-ci ildə dilə gətirir, ciddi təbliğat aparırdıq. Həmin klubun I Divizionda iştirakı məsələsi var idi. Bütün detallara getmək istəmirəm. Sonluğun necə olduğunu ictimaiyyət bilir, təkrar buna qayıtmayacam. Bir növ tək sponsora məxsus olmayan, açıq tipli səhmdar cəmiyyət formasında fəaliyyət göstərən, səhmdarları fərqli mənbələr olan klub modeli bizim ideyamız olub”.
Rəsul bəy bununla bağalı həmin zaman AFFA-da baş katib olan Elxan Məmmədovla (hazırda icraçı vitse-prezidentdir – red.) görüşdüyünü, ideya barədə bəhs etdiyini söylədi:
“Federasiyada Elxan Məmmədovla görüşəndə bu layihəni apardım. Görüşdə ikimizdən başqa Firuz Abdulla (AFFA-nın mətbuat xidmətinin rəhbəri – red.) da var idi. Elxan Məmmədov layihəni vərəqləyib baxdı və dedi ki, bu, çox gözəl ideyadır, ancaq təəssüf ki, siz ancaq Region Liqasından başlaya bilərsiz. Biz də Region Liqasından başlamaq layihənin mahiyyətinə zidd olduğunu bildirdik. Həvəskar layihədə səhmdar anlayışı ola bilməz. Heç kim də bura səhm yatırmaz. Azərbaycan kimi yerdə həvəskar klubun kommersiya marağı ola bilməz, nəinki kiminsə maraqları da təmin edilsin. Bu söhbət orada da qaldı”.
Həmsöhbətimiz həmin zaman FİF-lə bağlı hər hansı təbliğat işinə rast gəlmədiklərini söylədi: “Belə bir quruluşdan söhbət də getmirdi. Aylarla təbliğat apardığımız zaman bu cür ictimai birliyin olduğu barədə heç yerdə qarşımıza məlumat çıxmamışdı. Hər kəs ideyamıza yenilik kimi baxırdı. Hətta media mənsubları bu layihə ilə bağlı sorğular aparırdı. İndi orada Himayəçilər Şurasında təmsil olunan Yunis Hüseynova sual verilmişdi və o demişdi ki, elə şeymi olar, klubun bir sahibi olmalıdır. Himayəçilər Şurasına sədr seçdikləri Vəli Qasımov da demişdi ki, belə bir şey ağlabatan deyil. İndi isə buna yeni ideya kimi baxırlar. Halbuki həmin zaman onlara sual veriləndə heç xəbərləri yox idi, ağlabatan saymırdılar. Sovetlərdən qalma təksahibli, təksponsorlu klub ideyasından kənara çıxa bilmirdilər. İndi də iddia edirlər ki, guya 2016-c ildən bu ideya var imiş. Onda belə çıxır ki, biz ideya oğurlamışıq, 2018-ci ildə bilmədən bu yoldaşların fikirlərini mənimsəyib, yenilik kimi təklif etmişik. Ancaq maraqlıdır, necə təbliğat aparıblar ki, biz bu barədə danışanda hamı yenilik kimi qəbul edib. Bütün Azərbaycanın ideyamıza yeni dediyi vaxtda heç kimin irad bildirdiyini xatırlamıram. Kimsə daha əvvəl alternativin olduğunu iddia etməmişdi”.
Şükürsoy yaxşı bir ideya kimi bunun həyata keçirilməli olduğunu, amma etik çərçivələrin gözlənilmədiyini əlavə etdi: “Kimin olmasından asılı olmayaraq yaxşı ideyalar dövriyyədə olmalı, icra edilməlidir. Sadəcə, etik normalar qorunsaydı, heç bir problem olmazdı. İndiki “Xan Lənkəran”ın bizimlə əlaqəsi olmamasına baxmayaraq, onlar bu adı götürəndə əlaqə saxlayıb, danışdılar. Biz də dedik ki, bu bölgənin dəyəridir, sahibi biz deyilik, ictimaiyyətdir. Xeyir-duamızı verdik. Bu layihəni icra edən insanlara da eyni şəkildə xeyir-dua verə bilərdik. Amma çox təəssüf ki, onlar bunu yeni bir şey tapmış kimi irəli sürürlər və bu, qeyri-etikdir. Buradan da görünür ki, arxasında AFFA-nı idarə edən şəxslərin barmağı var, bir növ vəziyyətdən onların iyi gəlir. Bu, çox biabırçı tərzdir. Belə davam etməklə heç kim heç nəyə nail ola bilməz. Ordan bu ideyanı, burdan başqasını oğurlayırlar. İnsanların fikirlərini bir qovluqda seyfə qoyub bir müddət sonra yaxın adamlarına deyirlər ki, belə bir fikir var, icra et. Amma insanlar bu ideyalarla yaşamalı, gecələrini keçirməli, düşünməlidirlər ki, icra edə bilsinlər. Ona görə də Azərbaycan futbolu hazırkı vəziyyətdədir”.
Rəsul Şükürsoy məsələ ilə bağlı hər hansı hüquqi prosedur başlatmayacaqlarını söylədi: “Buna ehtiyac görmürəm. Mənim tələbim mənəvi haqla bağlıdır. Qarşı tərəfin ona da məhəl qoyacaq mədəniyyətə sahib olduğunu düşünmürəm. Bütün hallarda onlara uğurlar”. (Futbolpress.az)