Azərbaycanlı futbol məşqçisi Şahin Diniyev Sportal.az saytına müsahibə verib:
- İcraiyyə Komitəsinin qərarı ilə yeni mövsümdə legioner limiti 6+5 olaraq qaldı, amma U-21 yaş limiti ləğv edildi. Sizin bu limitlərlə bağlı fikriniz necə idi?
- Normal qərarlar qəbul olundu. Hansısa qərarlar öncədən dəyəndirilmiş, praktikadan keçirilmiş, faktlara söykənən məsələlərdən sonra verilir. Elə bu limit olduqdan sonra “Qəbələ”, “Neftçi”, “Qarabağ” qrup mərhələsinə düşmüşdü. Yəni, uğur gətirən limit idi. Bir çoxları qərarları anlamaq çətinlik çəkir. Limit olmalıdı. Çempionatın keçirilməsinin reqlamentində belə bənd var ki, "çempionatın keçirilməsində məqsəd elə milli komandalara oyunçuların hazırlanmasıdı". İcraiyyə Komitəsi qərar verəndə, keçmişdə olan bütün sezonlardakı praktikaları nəzərə alır. Elə vaxt var idi ki, legioner limiti də yox idi. Klublar da bundan necə istifadə edirdi, hamı görürdü. 10-12 keyfiyyətsiz legionerlərlər gətirilirdi. Yaş limitinə gəlincə, klublar müzakirə edirlər və bu məsələy İK-nın gündəminə çıxır. Çox məşqçi ilə söhbət etmişəm və heç biri bu limitlə razı deyil. Çünki bu, süni bir şeydi, futbolçu varsa,oynayacaq. Toral Bayramov, Elvin Cəfərquliyev oynayacaqsa, onun qarşısını heç kim almayacaq. Yəni yaş limiti komandada keyfiyyətin azalmasına gətirib çıxarır. Məşqçilər məcburiyyətdən həmin yaş limitində olan oyunçuları eyni mövqeyə "atırlar". Məsələn, “Sabah” elə oyunlar olur ki, bir nömrə ilə oynayırsa, qapını gənc qolkiperə tapşırır. Bu zaman komandanın meydandakı gücü, hücum hücum potensialı artır. Orta mövqedə limitlə bağlı oyunçu olanda potensial zəifləyir. “Sabah”da da Səlahət Ağayev əsas qapıçıdı, o da millinin qapısını qoruyur, belədə, o da oyunsuz qalır. Bildiyim qədərilə iki variant var idi, 7+4 limiti və 6+5. Beş əvəzetmə məsələsinə gəlincə, burada da əks fikirlər yaranır. Analiz edəndə görürsən ki, bir çox klublar 2-3 əvəzetmə edir oyun ərzində. Beş əvəzetmə “Qarabağ” üçün yaxşı ola bilərdi. Onların heyəti genişdi, futbolçuların səviyyəsi yüksəkdi, hamının oynaması üçün 5 əvəzetmə normaldı. Bu məsələdə "Sabah"ı və "Neftçi"ni də "Qarabağ"a yaxın hesab etmək olar. Amma çox klublar əvəzetmədə çətinlik çəkir, çünki oyunun dinamikası aşağı düşə bilər. “Qarabağ” üçün normaldı. Bunlar analizlərin sonrası verilən qərarlardı.
- Necə düşünürsüz, 6+5 imitinin qalması klublarımızın avrokuboklarda daha uğurlu çıxış etməsinə mənfi təsir edir? Çünki tez-tez deyirlər ki, klublar liqada bu limitlə oynamağa öyrəşib deyə, avrokuboklarda çətinlik çəkir...
- Bu gün ən uğurlu komanda “Qarbaağ”dı. Limit olmasına baxmayaraq, avrokuboklarda heyətdə minimum 5 azərbaycanlı oynayır. Bəzən meydanda 6-7 yerli oyunçu görmək mümkündü. Klublarımızın ən uğurlu yolları bu sistemdə, bu limitlə baş verib. Klublarda keyfiyyətli legioner o qədər deyil ki, hamısı oynasın. Ən keyfiyyətləri “Qarabağ”dadı. Orada da dediyim kimi, oyunlar zamanı 5-6 yerli futbolçu meydana çıxır. İnanmıram ki, bu, uğurlu çıxışa mane olsun. Klublarımızın avrokuboklarda 11 legionerlə oynaması Azərbaycan futboluna nə xeyir verəcək? Ona görə də klubların bu barədə düşünməsi düzgün deyil.
- Ölkə kubokunda "Qarabağ" "Zirə" ilə qarşılaşacaq. Bu komandaların finala adını yazdıracağını ehtimal edirdiniz?
- “Zirə” finala təsadüf nəticəsində gəlib çıxmayıb. Düzdü, bir çoxları finalda “Neftçi” və “Qarabağ”ı gözləyirdi. Yəni ki, favorit onlar idi. Amma kubok elədir ki, iki oyunun nəticəsinə görə mərhələ keçirsən deyə, taktiki cəhətdən daha ağıllı oynayan komanda növbəti mərhələyə adlayır. “Qarabağ” aydındı, finala çıxmasında problem yox idi. Finala adlamaması elə təsadüf olardı. "Neftçi” və “Zirə”yə gəldikdə, hər ikisi finala adlamağa layiq idi. "Zirə" qazanıbsa, onları təbrik edirəm. Onlar da bunu boş-boşuna qazanmadı, meydanın hər qarışı uğrunda vuruşdular, taktiki cəhətdən ağıllı oynadılar. Bəlkə də açıq futbol görə bilmədik. Daha çox taktiki gedişlər var idi. "Zirə"yə finalda da uğurlar arzulayıram. Onların çempionatdan da avrokuboklara vəsiqə qazanmasına cüzi addımları qalıb. Finalda şən, açıq, maraqlı futbol gözləyə bilərik. Əlbəttə, “Qarabağ” güclüdü, hər birimiz bunu etiraf edirik. Ancaq kubok elədir ki, bir oyundan ibarətdir deyi, “Zirə” mübarizlik göstərə bilər.
- Necə düşünürsüz, bu mövsüm "Qarabağ"ın bu qədər qarşısıalınmaz olmasının səbəbi nədədi?
- Birincisi, “Qarabağ” öz oyununu tapıb, ikincisi stabil heyəti var. Geniş və keyfiyyətli futbolçulardan ibarət heyəti var deyə, rotasiyalar olanda da oyunun keyfiyyəti düşmür. Komandada özünəinam artıb, çox qol vurduqca futbolçular daha da inamlı olur. Meydana çıxan hər futbolçu əsas heyətdə oynamaq üçün maksimum güc sərf edir. “Qarabağ”ın hər oyunçusu liderə çevrilə bilir. Bu komanda həm oyun, həm heyət, həm də stabillik baxımından dominantlıq edir. Onlar buna layiqdi.
- "Zirə"nin kuboku qazanmaq şansı nə qədərdi?
- Futbolda mümkünsüz heç nə yoxdu. Final da bir oyundan asılıdı. Səhv edən komandanın ikinci matç şansı yoxdu. "Qarabağ" favoritdi. Amma “Zirə” də şanssız deyil.
- Ölkə çempionatında da avrokuboklar uğrunda qızğın mübarizə gedir. Sizcə, "Sabah" və "Qəbələ" arasında gedən mübarizədən hansı tərəf məğlub ayrılacaq?
- Hər birimiz 4-5 tur əvvəl artıq ilk “dördlüy"ü özümüz üçün aydınlaşdırmışdıq. Amma futbol sürprizlərlə doludu, futbol proqnozu sevmir. “Qəbələ”nin son oyunlarda zəif çıxış etməsi, “Sabah”ın daha inamlı oynaması vəziyyətin belə olmasına gətirib çıxarıb. "Sabah"ın taleyi öz əlindədi. Əvvəl xal fərqi çox idisə, indi minimuma enib, öz aralarında da oyun var. Faktlar onu göstərir ki, “Sabah” yüksəlişdə, “Qəbələ” enişdədi. Bu komanda turnir cədvəlində özündən aşağı pillədə qərarlaşan "Keşlə”, “Səbail”, "Sumqayıt" matçlarında xallar itirdi. Ona görə də vəziyyət gətirib buraya çıxardı. Futbolçular peşəkardı, heç nəyə baxmadan bu oyunları "çıxartmalıydılar". Həmin üç oyunda itirlən xallar "Qəbələ"yə baha başa gəldi. Amma onlar yığışa bilər, yaxşı futbolçuları var. “Qəbələ” öz işini çətinliyə saldı, özü də bu durumdan çıxmalıdı. “Sabah” mükəmməl futbol oynamağa çalışır.
- Yeni mövsümdən "Turan" və "Kəpəz"in Premyer Liqaya qayıdacağı iddia edilir. Yenidən "Kəpəz"i çalışdırmağınız gündəmə gələ bilər?
- Ən sevindirici məqamlardan biridi ki, birinci diviziona daha üç klub gəldi. Onların bölgələrimizi təmsil etməsi daha sevindiricidi. Futbolun kütləviliyinin artması baxımından da, bu, böyük rol oynayacaq. Futbol şəhərləri olan Tovuz və Gəncənin yüksək liqaya qayıtması, çempionatımızı daha da rəngarəng edəcək. Bu cür davam edəriksə, gələcəkdə üç liqa yaratmağa nail olacağıq. Premyer Liqa, birinci divizion və əvəzedicilərin liqası olarsa, daha yaxşıdı. Bizdə həmişə sanki bir liqa çatışmır. Gənc oyunçular birdən-birə Premyer Liqada oynamağa çətinlik çəkir. Dediyim üç liqanın olması, futbolçuların artımında, oyunların çoxluğunda, stabillik, dinamiklik yaradacaq. “Kəpəz” və “Turan”a uğurlar arzulayıram. Sırf mənimlə bağlı olan məsələyə gəlincə, bu suala cavab vermək istəmirəm. Çünki həm “Turan”, həm də "Kəpəz”in baş məşqçiləri var. Hər ikisinə uğurlar arzulayıram, böyük uğurlar qazana biləcək gücündədilər.
Mirbağırağa
saytlarin hazirlanmasi