"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) Gənclər və İdman Nazirliyinin “Məşqçilərimizi tanıyaq” layihəsində idman ictimaiyyətinin nümayəndələri və tələbələrlə görüşüb.
Sportal.az təcrübəli mütəxəssisin fikirlərini diqqətinizə çatdırır:
- Fərid Qayıbov burada olmasa da, nazirlik işçilərinə belə layihə təşkil etdiklərinə görə təşəkkür edirəm. Hamınızı burada görməyə şadam. Fərqli idman növlərindən də burada idmançılar var. Bu, ikinci görüşdü. Məndən əvvəl çox hörmət etdiyim Faiq Qarayav burada olub. Eşitdim ki, maraqlı görüş alınıb. Faiq müəllimin idmanımızda, məşqçilikdə çox böyük rolu olub. O, digər məşqçilərə nümunədi. Onda daim qalib gəlmək istəyi, bacarığı və nümunəvi davranışını görmüşəm. Doğrudu, onunla o qədər də münasibətimiz yoxdu. Ən çox hörmət etdiyim şəxslərdən biridi. Bura gələnə kimi nədən daha çox danışmalı olduğumu bilmirdim. Bəlkə keçmişə qayıdım, sizlər üçün də maraqlı olar.
- Necə oldu ki, futbolu seçdiniz?
- Güləşlə məşğul olmuşam, karateye də getmişəm. Amma kənddə futbol oynayırdıq. Məktəblərdə idman yarışları keçirilirdi. 7-ci sinifdə oxuyanda böyüklərlə futbol oynayırdım. Orada oyunumu gördülər. "Daşqın"ın baş məşqçisi Şaban Şirdanovla eyni kənddənik. O, məni komandaya dəvət etdi. Qardaşım Musa Qurbanov əsgərlikdən gəldi və birlikdə "Daşqın"da məşqlərdə iştirak etməyə başladıq. Mənə demişdi ki, səni futbolçu edəcəm. İlk dəfə sol cinah müdafiəçisi olmuşam. "Daşqın"da çox məşq edirdim, enerjim çox idi. Musa və Şaban müəllim yanımda idilər. Tələb edirdim ki, mənə daha çox məşq versinlər. Belədə futbola sevgim daha da çoxalmağa başladı. Hər şey pillə-pillə oldu.
- Futbolçu olmaq üçün insana nə lazımdır?
- Hər bir peşəyə sahib olmaq üçün istək və həvəs olmalıdı. Bacarıq olsa belə. Futbola sevgim çox oldu. Həyatda prinsipial adam olmuşam. Sadəcə belə görüşlərdə çox olmaq istəmirəm. Çünki, belə görüşlərdə sanki, insan özü-özünü tərifləmiş olur. Amma sizinlə səmini olacam. Həmişə məqsədlərimə çatmaq istəyirdim. Futbola gəlişim çoxları üçün gözlənilməz oldu. Evdəkilər oxumağımı istəyirdilər. 8-ci sinfə kimi oxudum. Sonra isə tam futbolla məşqğul oldum. 8-ci sifə kimi dərslərdən 5 alırdım. Sonra isə futbol. Çox məşq etməyə başladım. İndiki elm, savad onda yox idi, kənd uşağı idim. "Barselona"da olanda bu komandanın fəlsəfəsi ilə maraqlandım. Pep Qvardiolanın məşqçi düşüncələrini bəyəndim. Klubun fəlsəfəsini burada həyata keçirməyə çalışdım. Topa daha çox sahib olmağa çalışırıq. Kiçik bir şey oradan götürdük və gəldik. Bəzi dəyişikliklər istisna olmaqla.
- Ən unudulmaz uğurunuz hansıdı?
- Birini yox, bir neçesini deyecem. Gənc olanda hamı istəyirdi ki, "Neftçi"yə düşsün. Bu məqsədi qarşıma qoymuşdum. Fikirləşirdim ki, buna nail olsam, başqa heç nə istəmərəm. Bunu bacardım, bu, birinci uğurum. Daha sonra milli komandaya düşdüm. Kiçik uğurlar böyük uğurun təməlini qoyur. Bunları əldə etdikcə fikirləşirdim ki, başqasını da edə bilərəm. Futbolçu və məşqçi kimi karyeramda bir neçə dəfə maraqlı anlar olub. Bəzən bir oyun və ya hər hansı kubok olur. Biri futbolçu kimi Serbiya ilə səfərdəki oyundur. Məşqçi kimi isə "Rosenborq"la matçı deyərdim. Səfərdə 0:0 oynadıq. Cavab oyunu Ağdamın işğalı gününə düşmüşdü. Həmin matçdan əvvəl olan ajiotaj həyatımda, məşqçi karyeramda gərgin günlərimdən biri idi. Hamı bilirdi ki, mütləq udmalıyıq, insanlar bizdən qələbə gözləyirdi. Elə gün idi ki, həyatımı verməyə hazır idim. Məşqçi təcrübəm çox deyildi. Həmin matç yaddaşımdan çıxmayacaq. Baxmayaraq ki, çempionluqlar qazanmışam, avrokuboklarda qruplara düşmüşük. "Rosenborq" qələbəsi heç vaxt yadımdan çıxmayacaq. Ən böyük uğurum elə bu komandaya qalib gəldiyim oyun idi. Heç vaxt elə həyəcanlı olduğumu hiss etməmişəm. Baxmayaraq ki, güclü klublara qarşı oynamışıq. Məhz həmin matçı karyeramın ən böyük uğuru, ən böyük oyunu sayıram.
- Futbolun inkişafında irəli sürdüyünüz təşəbbüslər olub? Bunlar hansılardı?
- Bəzi görüşlərdə olmuşam. Xeyli müddət AFFA-da İcraiyyə Komitəsinin üzvü oldum. Orada tanınmış şəxslər, rəsmi şəxslər otururdu. Müzakirələr olurdu. Dəfələrlə futbolumuzun inkişafı üçün bəzi müraicətlər olub, müzakirələr gedib. Bu, elə görüşdü ki, səmimi olacam. Xarakterim budu ki, əgər bir şeyi təklif edirəmsə, deməli inkişafda bunu daha yaxşı görürəm. Təklif edirsən, təkliflər tam həyata keçməyəndə sanki, mən də bir az ürəksiz oluram, İstəmirəm ki, düşüncəm insanların gözündə inamsız olsun, "bəlkə də doğru deyildi" deyə, düşünülsün. Dəfələrlə olub ki, xırda detalları demişəm. Futbolda böyük oyundan öncə o qədər xırda detallar var ki, önəm verməliyik. Demişəm, əfsuslar olsun ki, o qədər də baxılmayıb, ona görə elə də təşəbbüskar deyilem. Belə qənaətə gəlmişəm ki, ən doğru fikirlərim, düşüncələrim "Qarabağ" üçündü. Hansı ki, mənə çox güvənirlər, inanırlar və şərait yaradırlar. Təkliflərimiz çox olmalıdı, hamı bir araya gəlməlidi. "Qarabağ"ın uğurları hamı üçün yüksəkdi, ələçatmazdı. Amma daha da inkişaf etməliyik, böyük uğurlar əldə etməliyik. Klub olaraq daha da böyüməliyik. Çatışmazlıqlarımız hələ də var. Azərbaycan futbolunda çatışmazlıqlar çoxdu. Çox təkliflərə ehtiyac var. Ən vacibi də təklifləri dəyərləndirib həyata keçirmək lazımdı.
- Futbolun inkişafında kütləvilik önəm daşıyır?
- Kütləvilik mütləq olmalıdı. Bu gün yetərli deyil. Əvvəllər daha çox idi. Sanki, futbolu daha çox insan sevirdi, sevdirirdi. Gənclik illərimdən danışıram. O vaxtı canlı yayımlar filan var idi. Avropa çempionatlarına daha çox baxa bilirdik. İnsanlar axtarırdı ki, harada necə baxa bilərik oyunlara. Hər birimizin uşaqlıqda azarkeşlik etdiyi klub var idi. Məktəbdəki kütləvilik tam fərqli idi. Buna ehtiyac var. Akademiyalarımız var, meydançlarımız daha çoxdu. Hər bir halda futbolu gənclərə sevdirə bilmiriksə, ondan yaxşı idmançı, futbolçu çıxmayacaq. Futbola cavabdeh insanların kütləviliyə ehtiyacı var. Nə cür edə bilərik, nə edə bilərik. Belə olanda problemlər üzə çıxır ki, bunu da biz, futbola cavabdeh insanlar həll edə bilərik. Yaxşı nəticələrlə futbolu sevdirə bilərik. Rəhbərlik səviyyəsində kütləvilik etməliyik ki, valideyin uşağı futbola göndərəndə narahat olmasın. Onda valideyin mənəvi kömək ola biləcək ki, oğlu yaxşı futbolçu olsun. Kütləviliyə mütləq ehtiyac var. Tez-tez yığışıb müzakirələr aparmalıyıq.
- Futbolçunun yetişməsində üç əsas faktorlar nədi?
- Bir dəfə də bu sualı vermişdilər. Soruşdular ki, yaxşı futbolçu olmaq üçün nə etmək lazımdı? Yarızarafat və yarıgerçək demişdim ki, Musa kimi qardaşın olmalıdı. Futbolçunun kimin rəhbərliyi altında oynaması vacib elementdi. Öz potensialı olsa da, potensialı düzgün yönləndirmək lazımdı. Gənclikdə yalnışlarım, səhvlərim olub. İndi fikirləşirəm ki, bəlkə o vaxt onları etməsəydim, daha uğurlu, daha yaxşı idmançı olardım. İlk növbədə futbolçunun potensialı olmalıdır. Allahdan vergi yoxdusa, onu əldə edə bilməz. İkincisi, futbolçunun istəyi, xarakteri olmalıdı. Həmişə futbolçulara deyirəm ki, məşq etməkdən qorxmalı deyilik. Yaxşı məşq etməkdən, futbola çox vaxt ayırmaqdan çox şey asılıdı. Oynadığım vaxt məsləhət verənim, daim idarə edən məşqçim, qardaşım var idi. Amma elm, savad bugünkü kimi deyildi. Gündəlik vaxtımı məşqə ayırırdım. Kiçik kafemiz var idi kənddə. Səhər 6-a gedib çay verirdim insanlara. Zaqatala stadionuna 5 km məsafədə idi. Saat 7-də stadiona gedirdim. Bir qrupumuz var idi, futbol oynayırdıq. Sonra gətirirdilər kafeyə, axşama kimi işləyirdim, sonra yenə məşqə gedirdim. 4-5 saat məşq edirdim. İstək olmalıdı. Həmişə fikirləşirdim ki, məşq etməliyəm ki, qarşımdakından zəif olmayım. Ən gec məşqdən mən çıxardım. Bunun da səbəbi qarşıma qoyduğum məqsəd və futbola olan sevgim idi. Sevgi çox vacibdi. İnsan peşəni sevməsə, istədiyinə nail ola bilməz. Üçüncü isə, yaxşı, düzgün yönləndirən şəxs lazımdı. Bacardığımdan daha çoxunu əldə etmişəm. Məndən çox-çox güclü, bacarıqlı futbolçular olub. Amma görürsən, qazandığım uğurları qazanmayıblar. Çünki, daha çox məşq edib, istəkli olmuşam. Mənim böyüyüm məni heç vaxt boşalmağa, zəifləməyə qoymayıb. Hətta qardaşıma son vaxtlar deyirdim ki, udmuşuq yenə danlayırsan məni.
- "Marsel"lə görüşdə qolun hesaba alınmasını istəyirdik. Amma zamanla gördük ki, verdiyiniz qərar düzgündü. Həmin anda hansı hissləri keçirdiz? Dürüst addımlar atmağınız üçün nədən güc alırsız?
- Həyatda daim maraqlı epizodlarım olub. Təkcə məşqçilik yox, məktəb illərində də. Həyata gəlməyim də möcüzəvi idi. Altıncı övlad mənəm. Həmişə deyirdim ki, bəlkə altıncı olmaya da bilərdi. Özümü tanımağa başlayandan öz-özümə sual verirdim ki, dünyaya elə-belə gəlməmişəm. Ailəmə, böyüklərimə bağlı insanam. O qədər davalar, maraqlı hadisələr olub.
"Marsel"lə görüşdə də fikirləşdim ki, bu, elə mənim ancaq başıma gələ biləcək hal idi. Narahat idim ki, qərarım düzdü ya yox? Çünki, stadionda anşlaq idi, azarkeşlər sona qədər bizimlə oldular. O hissləri sözlə ifadə edə bilməyəcəm. Bir söz var e, getdim o dünyaya gəldim. Həmin qərarı verəndə də elə oldum. Futbolçularımı yaxşı tanıyıram. İbrahima Vadji həssas insandı. Onun sevinməyindən bilindi ki, epizod şübhəlidi. Sanki, qoldan sonra qapının içində qalmışdı. Tam sevinə bilmədim. Bildim ki, nəsə şübhəlidi. Sonra marsellilər qarışıqlıq yaratdı. Çox narahat oldum. Mateo Genduzi yanıma gələrək, qol olmadığını bildirdi. Hamı hakimə, Genduziyə baxırdı. Amma mən Vadjiyə baxırdım. Hakim qolu hesaba aldı. Vadjini çağırdım ki, qol olub-olmadığını soruşum. Hakim də qol saydı və fikirlədim ki, qismətimiz bu idi. Ancaq Genduzi yanıma yaxınlaşdı. Hamımız həmişə ədalətli olmaq istəyirik. Qəlbimdən keçən o oldu ki, əllə vurulubsa, qolu saymayacam. Sonra fikirləşdim 25 min azarkeş var. Görəsən nə deyəcəkkər? Söyəcəklər, nə deyəcəklər mənə? "Bazel"lə oyunda sayılmayan qolumuzu gözümün qabağıma gətirdim. Fikirləşdim bizim də qol haqsızdısa, "Marsel"ə pis təsir edəcək. Həyatda çalışmışam ki, ədalətli olam. Qərar vermək çətin idi. İsrarla soruşdum ki, Vadji, bu qərar düzgün olmasa mənə ciddi zərbə vuracaq. Üç dəfə soruşdum, əllə vurmusan, yoxsa top əlinə dəydi? Sonda dedi ki, əllə vurdum, əlimə dəymədi. Maksimə dedim ki, hakimə de. O qərarı verə-verə gözləyirdim ki, görəsən azarkeşlər hansı reaksiya verəcəklər. Oyun bitib, o epizodu gözümlə görənə kimi narahat idim. Sonra gördüm ki, əllə oynayıb, daha rahatlaşdım.
- Futbolçu karyeranızda birlikdə oynadığınız ən bəyəndiyiniz futbolçu kim olub?
- Çox təhlükəli sual verdin. Çox olub. Tək-tək demək istəməzdim. Üç futbolçu deyəcəm. Deyəcəyim futbolçular bizim çempionatımızda yox, Avropada istənilən komandada oynaya bilərdilər . Yunis Hüseymov, Vidadi Rzayev və Rəşad Sadıqov. Bu insanlarda futbolçuya xas hansı xüsusiyyət lazımdısa, var idi. Bəzən futbolu qaçmaq, qol vurmaq kimi görürük. Amma yaxşı futbolçu olmaq üçün yaradıcı olmaq mütləqdi. Yaradıcılığın yoxdusa, uğurun olmaz. Bu oyunçular yaradıcı kimi gəlmişdilər futbola. Bu gün də analiz edirəm. Dostuq, yoldaşlıq, amma həm də yaradıcı futbolçu kimi onlara hörmətim var.
- Qurban Qurbanov həyat tarixini geriyə vərəqləsəydi, vicdan əzabı verən hansı qərarını dəyişərdi?
- Geriyə baxmağı xoşlamıram. İnsan yaşad olduqca, təcrübəsi artdıqca sanki, keçmişə qayıtmaq istəmir. Çünki, o qədər səhvlərimiz olub ki. Bugünkü həyat tərzimə baxıram və fikirləşirəm ki, o vaxtı bu hərəkəti necə etmişəm? Hamımız özümüzdən razıyıq, hər şeyi doğru bilirik. Səhv də etsək, elə gözəl bəzəyirik ki, sanki doğru etmişik, boynumuza almaq istəmirik. Geriyə heç vaxt qayıtmaq istəməmişəm. Keçmişə qayıdıb öz həyat tərzimi analiz etsəm, bundan daha da bacarıqlı və daha da düzgün ola bilərdim. O vaxtki etdiklərimiz lovğalıqdan irəli gələn bir şey olub. Həmişə istəmişəm ki, üzdə olum, desinlər bunu Qurban edib. O günlərə qayıtmaq istəmirəm. Çünki, lovğalıqla çox insanın haqqına girmişəm. Sanki, gücsüz insanların haqqına girmişəm. Ona görə keçmişə qayıtmaq istəmirəm. Belə hallar çox olub.
- Populyarlığınız şəxsi həyatınızda nələrə mane olur?
- Şəxsi həyatıma yox, işimə mane olur. Təriflər olduqca özümüzü bir az "dartmağa" başlayırıq. Nə qədər desəndə ki, özümü sadə aparacam. İşimə mane olur. O da düşünürəm ki, həmişə yox. Maraqlı ətrafım, dostlarım var. Sadə insanlardı. Demişəm özümü çəkməyə başladığımı görsəz, deyin. Yoxsa mənim üçün yaxşı olmaz. Bəzən deyirlər ki, burda belə elədin, elə elədin. Çox məsuliyyətli komandada çalışıram. Burada kiçik səhvim uğursuzluğa səbəb ola bilər. Populyarlığa fikir verməliyəm. Həyatda nifrət etdiyim şey müsahibə verməkdi. Populyarlığa görə uğur insanın fikrini yayındırır, bəzən mane olur. Bəlkə başqa komandada olsaydım, bu qədər də fikirləşməzdim. Digər komandalar, bölgələr inciməsin, bura tam başqadı, yalnış qərar verməməyə çalışıram. "Qarabağ" adını minimum bu gün gəldiyi yerdə saxlamağa çalışırıq. Övladlarımızın xoş yaşamağı üçün övladlarımız gedib torpaqlarımızda canından keçib, qazilərimiz var.
- Hansı futbolçuya qarşı çətinlik çəkmisiz?
- Hava toplarında yaxşı olmuşam, boyum uzun olmasa da. Bir nəfərə qarşı başla uğurlu olmamışam, o da Sami Hyuyupyadı. O, əsl nəhənd idi. Bircə ondan hava topu udmamışam. Kannavaro filan hamısı ilə mübarizədə başla mən çox vaxt udurdum, nəki onlar. Bircə, Hyuyupyadan hava mübarizəsini uda bilmədim. Oyunun sonuna kimi prinsipə düşdüm, bir dəfə də uda bilmədim.
- Futbolda olmasaydız, nə iş görəcəkdiz?
- Davakar olmuşam. Harada problem var idi, orada olurdum. Güləş, karateyə getmişəm. Futbolçu olmasaydım, gənclik illərimə baxanda sonum bilinməzdi, Bəlkə də haralarda olardım. Problemli uşaq olmuşam. Şükürlər olsun ki, futbolda olmuşam. Futbol məni düzgün yola yönəldib.
- Ən yaddaqalan qolunuz hansıdı?
- İki qol var. Serbiyaya vurduğum ikinci qol və "Fakel"də vurduğum qayçıvari qol. Vacib qol idi, qələbə qolu olmuşdu. Voronejdə də populyarlaşmağım üçün bu qolun təsiri var idi.
- Məşqçilik, yoxsa futbolçuluq sizə daha çox uğur qazandırıb?
- Görünən odu ki, məşqçi kimi. Futboldan tez getdim. Məşqçi karyeram daha maraqlı alındı və məni daha populyar etdi. Ona görə məşqçi karyeramı deyərdim.
- Sizi millinin baş məşqçisi kimi görəcəyik?
- Yenə millidən sual verdiz. Son vaxtlar başıma gələn hadisələr mənə elə qərar veməyə gətirib çıxardı ki, sanki "Qarabağ"dan başqa heç yerdə işləmək istəmirəm. Biz çox şey istəyə bilərik, amma bizdən asılı olmayan səbəblər var. "Qarabağ" həyatımdakı ən önəmli dəyərdi.
- Üzünüzdən emosiyalarınızı tutmaq olmur. Bunu necə edirsiz?
- Bu tip suallar çox olub. Ki, emosiyalarınızı, sakitliyinizi qoruya bilirsiniz. Mənim üçün asan deyil. Təcrübəm o qədər çoxdur ki, bu, özümü idarə etməyimdə mənə faydası var. Çılğınlığım üzdə görümməsə də, paltardəyişmə otağında görünür. Hər bir halda "Qarabağ"da çalışmaq mənə böyük həyat təcrübəsi verdi. Bəlkə başqa komandada olsaydım, başqa hərəkətlər görərdiz. Amma "Qarabağ"da olmağım məni başqa cür böyütdü. Çalışıram ki, həmişə minimum hamı məndən razı qalsın.
- "Qarabağ"dan getsəniz, öz yerinizə kimi təsəvvür edirsiz?
- Çox ağır sual oldu. "Qarabağ"dan ayrılmaq özümə pis təsir edər. Çünki, bu kluba o qədər bağlıyam ki. Təkcə məşqçi və uğurlara görə yox, bu komandanın adı ölkənin özəyidi. Pis çıxmasın, indi istəmərəm ki, komanda başqa əllərdə olsun. Burada elə ailə formalaşıb ki. Bu yer hamı üçün əbədi deyil. Klubdan ayrılsam, özümü rahat hiss edəcəm ki, klub çox etibarlı əllərdədi. Rəhbərlik çox gözəl bilir ki, mən olmasam, komandanı kimə həvalə etmək olar. Onların komandanı necə qoruyub-saxladığını görmüşəm. Baxmayarq ki, rəhbərlik Türkiyədən gələn iş adamlarıdı. Onların "Qarabağ" və Azərbaycan sevgisini heç nə ilə əvəz edə bilmərəm. Getsəm də, onlar komandanı etibarlı əllərə tapşıracaqlar. Hər halda mənimlə də məsləhət edəcəklər. Ölkədə vəziyyətin pis vaxtında komandanın zəifləmə ehtimalı olub. Amma Gözəl bəy deyib ki, "Azersun"un hər sahəsində çatışmazlıq ola bilər, amma "Qarabağ"da olmalı deyil. Ona görə rahatam ki, komanda etibarlı əllərdədi. Mənim nə vaxtsa komandadan ayrılmağım həssas anlarımdan biri olacaq. Əgər ayrılası olsam.
- "Qarabağ"ın Avropa hədəfi nələrdi?
- Hər zaman bildirmişəm ki, hansı turnirdəyiksə, maksimum hədəfə çatmaq istəyirik. Çempionat, kubok, sonda avrokuboklar. Çempionlar Liqası qruplarında iştirak etmək minimum hədəfimizdi. Bunu bütün ölkə çempionları istəyir. Qarşımızda qeyri-stabil günlər durur. Futbolçular milliyə gedir. ÇL-in ilk oyununa tam istədiyimiz kimi hazırlaşa bilməyəcəyik, vaxt az olacaq, futbolçuların hamısı ilə birlikdə olmayacağıq. Minimum qrupa, pley-offa kimi getmək istəyirik. Hədəfimiz budu. Nə dərəcədə alınacaq, bilmirəm. Qalib gəlməyə, hədəfə çatmaya bilərik, amma meydanda döyüşməliyik. Hədəfim yaxşı döyüşçü yetişdirməkdi. Çempionlar Liqasının qrupuna düşmək istəyirik. Bu il daha çox güc sərf edəcəyik
- Sizin uğurlarınız oğlunuzun uğurunun qarşısını alır?
- Deməzdim alır. Amma maneçilik var. İstər-istəməz öz futbolçu kareyerasına maneçilik törədir. Bunu soruşanlar çoxdu. Hətta iradlar bildirirlər ki, Musaya az şans verirsən. Amma elə böyük futbolçu uğurum yoxdu ki, Musaya mane olsun. Musaya da, digər dutbolçulara deyirem ki, məndən yaxşı olmaq lazımdı. Hər bir potensiallı futbolçunun yanında yaxşı şəxsiyyət olmalıdı. Mən güclü, potensiallı futbolçu olmamışam ki, Musa məndən yaxşıdırsa, güclüdü. Həyatda məşq etməklə yaşayırdım. Yunislə birlikdə olurduq millidə. Nə zaman Yunis otağa girirdi, görürdü press edirəm. Bu dərəcədə çox istək olub. Son vaxtlar hamımızın yaralı yeri, sosial şəbəkələrdi, insan həyatının yəqin ki, 70-75 faizini telefonlar alır. Ən böyük problemimiz budu. Bu gün də sosial şəbəkədə yoxam. Minimum heç olmasa gənclikdəki prinsipləri qoruyub-saxlamağa çalışıram. Əfsuslar olsun ki, oğlum da daxil olmaqla futbolçular yeməyə əllərində telefonla gedirlər. Bəzən qadağalar qoyuram ki, telefonla oyuna getməsinlər. Amma fikirləşirsən ki, insandı, psixoloji zərbə vurmayasan. Buradan hər sahədən elə insanlar üzə çıxıb ki. Güləçilərimiz, cüdoçularımız, siyasətçilərimiz. Ramil Quliyev Salyandandı, indi Türkiyə millisindədi, böyük uğurlar əldə edib. Qışda toplanışımız vaxtı Türkiyədə onunla xeyli söhbətləşdik. Öz işinin fanatıdı. Nə qədər rekordlar qırıb. Azərbaycanda heç kimin ağlına gəlməyən bir şeydi. Azərbaycan belə torpaqdı. Potensiallı idmançıların yanında dəyərli şəxslər olmalıdı.
- Özünüz çempion olmasaydız, dostunuzun çempion olmasını istəyərdiz, yoxsa "Neftçi"nin?
- Mən dostluğa sadiq olmağa çalışmışam. Həmişə də dostumun məndən daha yuxarıda olmasını istəmişəm. Yəqin ki, dostum deyəndə, Rəşad Sadıqovu nəzərdə tutursunuz. Bəli, o, ən dəyərli dostumdu, ona sevgim, hörmətim var. Digər dostlarıma da arzu edirəm ki, məndən üstün olsunlar. Həmişə dostumun çempion olmasını çox istəyirəm.
- Bugünki reallığı nəzərə alsaq, futbolumuz 10-15 ildən sonra nə vəd edir?
- Bugünkü reallıqda futbolumuzda gələcəkdə heç nə gözlənilmir. Çatışmayan cəhətlərimiz var. Problemlərimiz var və bunları aradan qaldırmaq asan olmayacaq. Biz bu gün komanda olaraq hər hansı uğurlara imza atmışıq. Amma bu gün hamı azərbaycanlı futbolçular yoxdu deyə, şikayət edir. Hara getsən, bu fikirlər səsləndirilir. İldən-ilə geriyə gedirik, bunu hiss edirik, ya yox bilmirəm. Amma mən hiss edirəm. Hamımız deyirik ki, bunlar olmalıdı, onlar olmalıdı. Bir neçə stadion tikilib, süni örtüklü meydançalar var. Elə götürək, öz komandamızı, "Qarabağ"ın uşaqları süni örtükdə məşq edirlər. Aşağıları düzəltməsək, qarşıda yaxşı heç nə gözlənilmir. İnkişaf üçün hər şey maliyyənin üzərindədi. Düzgün hədəfə çatmaq üçün maliyyədən öncə də işlər var. Onları qaydasına salmalıyıq. Bugünkü duruma görə gələcəkdə yaxşı heç nə gözləmirik. Bunlar mənə təsir edir. Bunu deməliyik. Neçə il əvvəl deyirdim ki, Avropa beş addım atırsa, biz bir addım atırıq. İndi Arvopa qabaqa gedir, biz arxaya. Asan olmayacaq. Tez bir zamanda ciddi formada futbolun inkişafı üçün addımlar atıb, iş prinsipimizi dəyişməliyik. Bunlar federasiyadan asılıdı.
Mirbağırağa Cəfərli
saytlarin hazirlanmasi