"Kəpəz"ə əsas qapıçı olmaq üçün gəlmişəm" - MÜSAHİBƏ

12:49 - 23 İyun 2022

"Neftçi" ilə yollarını ayıran və "Kəpəz"ə keçən Kamran İbrahimov Sportal.az saytına müsahibə verib. O, Gəncə klubundakı perspektivindən, "Neftçi"də qalmaq istəməməsindən söhbət açıb.

- "Kəpəz"in keçidin rəsmiləşdi. İlkin təəssüratın necədi?
-
 Bəli, keçid rəsmiləşdi. Köklü komandaya gəlmişəm. Ona görə də gözəl hisslər keçirirəm. Oynamaq üçün də çox yaxşı şansdı. Komandamın uğuru üçün əlimdən gələni edəcəm.

- Başqa təkliflərin necə, var idi? Seçimini niyə məhz "Kəpəz"dən yana etdin? 
- Başqa təkliflər barədə danışmaq istəmirəm. "Kəpəz" çox yaxşı, köklü klubdu. Gəncə də Azərbaycanın ikinci və gözəl şəhəridi. Yəni, bunlar hamısı öz təsirini göstərdi. İnanıram ki, burada gözəl günlərimiz olacaq.

- "Kəpəz" yeni mövsümdən hansı nəticələr göstərə biləcək?
- Həm özümün, həm də komandamın uğuru üçün əlimdən gələni edəcəm. Daha da artığına çalışacam. Əlbəttə ki, yuxarı yerlər uğrunda vuruşacağıq. İnanıram ki, bu, bizdə alınacaq.

- “Neftçi”də az-az oynayırdın. Yeni komandanda necə, əsas heyət qapıçısı olacaqsan?
- Əlbəttə. "Kəpəz"ə əsas qapıçı olmaq üçün gəlmişəm. Özümü sübut etmək üçün çalışacam. İnamım yüksəkdi.

- Hər halda yeni mövsüm yetirməsi olduğun "Neftçi"yə qarşı oyunlar sənin üçün daha maraqlı keçəcək?
- Əlbəttə ki, həmin oyunlar gözəl olacaq. Bu, həm özümü sübut etməyim baxımından, həm də keçmiş komandama qarşı oynamaq sarıdan belədi. Maraqlı qarşılaşmaların alınacağına şübhə etmirəm.

- "Kəpəz"dən A milliyə dəvət olunacağını ehtimal edirsən?
- Bilirsiz, mən nədənsə, “Kəpəz”də ilklərimi qazanacağımıa inanıram. Klub nəticələri və A milliyə dəvət olunmağı nəzərdə tuturam. İşimə çox yaxşı fokuslanmışam. Hər şeyin yaxşı alınacağına inanıram.

- “Neftçi”dən ayrılmağına əsas səbəb nə oldu, az oynamağın, yoxsa başqa məsələdi?
- “Neftçi”dən ayrılmağı özüm istəmişdim. Əslində, mənə müqavilə təklif edildi. Sadəcə olaraq, qəbul etmədim. Çünki oynamaq üçün az şans qazanacaqdım. Komandada qala da bilərdim. Ancaq ikinci olmaq üçün futbol oynamıram. 

- Komandanın baş məşqçi postu Laurtensiu Reqekampfa təhvil verildi. Onun “Neftçi”də uğurlu olacağını düşünürsən?
- Bəli, bundan mətbuat vasitəsilə xəbər tutdum. Bu haqda bir söz deyıə bilmərəm. Necə məşqçi olduğunu zaman göstərəcək. Çox klubda məşqçilik edib, amma “Neftçi”də olmayıb. “Neftçi” ilə yanaşı Azərbaycanı Avropada təmsil edəcək bütün komandalarımıza uğurlar arzulayıram. Hər hansı klubumuz Azərbaycanı təmsil edirsə, birlik nümayiş etdirib, onları dəstəkləməliyik. Çempionatda isə “Neftçi”yə uğurlar arzulayıram. Hər halda orada gözəl günlərim olub. 

Xəbər xətti