Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Azərbaycan millisi ilə yoldaşlıq oyunu ərəfəsində mətbuat konfransında iştirak edib.
Sportal.az "Moldfootball.com"a istinadən xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
"Biz iki yoldaşlıq oyununa hazırlaşırıq. Birincisini sabah Azərbaycan yığmasına qarşı keçirəcəyik. Böyük həcmdə nəzəri və praktiki iş aparmışıq. Məşqçilər korpusu komandanın sabahkı oyuna tam hazır olduğunu düşünür. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək, qələbə qazanaq. Buna nail ola biləcəyik ya, yox oyun göstərəcək. Düşünürəm ki, sabahkı oyunda meydana gənc futbolçular çıxacaq.
- Azərbaycan millisinin baş məşqçisi komandasının yalnız qələbəyə kökləndiyini bildirib. Bu barədə nə deyəcəksiz?
- Bu, bir baş məşqçinin verəcəyi açıqlamadır. Hamı qələbə qazanmaq üçün meydana çıxır. Azərbaycan millisinin bizdən güclü və ya zəif olduğunu sabahkı oyun göstərəcək. Komandalar arasında elə də böyük fərq yoxdur ki, hansısa komandanın daha şanslı olduğunu deyəsən. Bu oyunlar həm seçmə mərhələyə hazırlıqdır, həm də ehtiyat qüvvəmizin hazır olub-olmadığına baxmaq üçün yaxşı şansdır.
- Bəs rəqib əsas heyətlə meydana çıxarsa, buna reaksiya verəcəksiniz? Yoxsa, heyəti artıq müəyyənləşdirmisiz?
- Demək olar ki, start heyətini 99% müəyyənləşdirmişəm. Amma mən heç vaxt oyun gününə qədər qəti qərar qəbul etmirəm. Çünki kimsə zədələnə bilər. Hamı sağlam olsa, start heyətilə bağlı fikrimi dəyişməyəcəm. Meydana maksimum döyüşkən heyətlə çıxacağıq. Ola bilsin ki, oyun zamanı gənc futbolçulara oynamaq imkanı verək.
- Yon Nikolaesku Azərbaycana qarşı oynamayacaq?
- Çox güman ki, oynaya bilməyəcək. Onun son oyunu dünən axşam bitib və həkimlər sabahkı matçda meydana çıxmasına icazə vermir. Bərpa prossesi keçməsi üçün zamanı azdır. Meydana buraxsaq, zədələnmək ehtimalı yüksək olacaq. Bu riskə gedə bilmərik.
- Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından maraqlı rəqibdir?
- Ümumiyyətlə, yoldaşlıq oyunları üçün rəqib baxımından çox seçimimiz yox idi. Rumıniya millisi uzun müddətdir ki, bizimlə oynamaq istəyirdi. Onlarla oyun planlaşdırılmışdı. Biz isə ikinci rəqibi axtarırdıq. FİFA reqlamentinə görə, bizi iki oyun keçirməliydik. Sonda Azərbaycanla razılaşdıq. Yəni, burada Avropa çempionatının seçmə mərhələsinə hazırlıq üçün xüsusi seçim yoxdur.
Mirbağırağa
