"Şamaxı"nın qolkiperi Rəşad Əzizili Sportal.az saytına müsahibə verib. 28 yaşlı qolkiper komandasının bu mövsümkü çıxışından danışıb.
- "Kəpəz"lə oyunda komanda bir xal qazana bildi. Bir xalı özünüz üçün uğurlu hesab edirsən, yoxsa sizi qələbə qane edirdi?
- Qarşılaşmanın çətin olacağını bilirdik. "Kəpəz"in yaxşı legionerləri var. Hücum xəttində çox aktiv və sürətlidirlər. İlk 20 dəqiqə özümüzü sanki itirmişdik. Bu da rəqibə üstünlük qazandırdı. Daha sonra toparlandıq və hesabı da bərabərləşdirə bildik. İki-üç real qol şansımız var idi. Heyf ki, yararlanmağı bacarmadıq. Qalib gəlməliydik, iki xal itirdik.
- Komandanın iki oyunluq qələbə seriyasını davam etdirə bilməməsi nə ilə əlaqədardır?
- Biz hər oyuna qələbə üçün çıxırıq. Bugünkü gündə biz Premyer Liqada ən cavan və legionersiz komanda olaraq yuxarı pillələrə qalxa biliriksə, bir və ya üç xal bizim üçün uğurdur. "Kəpəz"lə matçda da vacib olan bir qazanaraq turnir cədvəlində irələmək idi.
- Mövsümün əvvəlində komandanın uğursuz nəticələri var idi. Lakin sonradan komanda istədiyi nəticələri qazanmağa başladı. "Şamaxı"nın indikindən də uğurlu nəticələr göstərə biləcəyinə inanırsan, yoxsa komandanın maksimum gücü budur?
- Biz toplanışa gec başladıq. Məşqçilər koprusu da yeni, gənc və legionersiz komanda qurdular. İlk gündən Cavid Hüseynovla Vüqar Əsgərlinin komandaya istədikləri oyun fəlsəfəsini yeritməsi zaman aldı. Cavan oyunçularımızın çox olması bu işi bir az da yubatdı. Ancaq indi biz eyni heyətlə, legioner olmadan gözəl oyun nümayiş etdirə biliriksə, demək ki, maksimum bu deyil, daha yaxşısı mümkündür.
- Necə fikirləşirsən, "Şamaxı" hansı pilləni tutarsa, sürpriz etdiyinizi söyləmək olar?
- Çempionat başlamamışdan əvvəl hər kəs "Şamaxı"nın sonuncu pillədə olacağını düşünürdü. Rəhbərlimiz də bizdən nəticə tələb etmirdi. Məşqçilərin düzgün işləməsi, futbolçulara güvənməsi, uğur qazanmağa imkan yaratdı. Mövsüm hansı pillədə başa vuracağımızı indidən deyə bilmərəm. Daha da üst pillələrə yüksəlməliyik.
- Qışda "Neftçi"yə qayıtmaq ehtimalın nə qədərdir? "Şamaxı" sənin transfer hüququna yiyələnmək istəyir?
- "Neftçi"yə qayıtmaq məsələm məşqçinin işi deyil. Çünki futbolçunu seçən başqasıdır. Məşqçi qərar verən olsaydı... Yəqin ki, yaxşı qapıçı olduğumu məşqçi də görür. "Şamaxı"da qalıb-qalmamağım barədə isə yayda söhbət edəcəyik.
- "Şamaxı"nın əsas qapıçısısan. Bir dəfə milli komandaya da dəvət edildin. Sonradan isə bu, alınmadı. Səncə, bunu yenə "Şamaxı"da reallaşdıra biləcəksən?
- Düzünü deyim, millinin son toplanışına dəvət ediləcəyimi gözləyirdim. İstənilən halda, öz üzərimdə işləyirəm. Hər zaman da millidə çıxış etməyə hazıram. Dəvətin olacağına inanıram.
Mirbağırağa